
Hər hansı bir hadisə baş verirsə, biz əsas etibarilə ona görünən tərəfdən baxırıq. Əlbəttə, bu təbiidir. Hadisə baş veribsə, demək artıq aşkarda hansısa vəziyyət yaranıb. Ancaq hadisəyə dərin nəzərlərlə baxa bilsək anlayarıq ki, hadisə iki yerə bölünür:
- Hadisənin zahiri səbəbləri;
- Hadisənin batini səbəbləri.
Hadisənin zahiri səbəbi onun görünən tərəfi, batini səbəbi isə görünməyən tərəfidir. Misal üçün, belə fikirləşək ki, qarşıdan gələn avtomobilin xətası nəticəsində bir piyada avtomobilə çırpılaraq xəstəxanaya düşmüşdür. Demək müasir deyimlə desək hadisə baş vermişdir. Görünən odur ki, avtomobil bir piyadanı vurub ona xəsarət yetirmişdir. Ancaq batini cəhətdən bu hadisə üç səbəbdən birini və yaxud bir neçəsini özündə daşıyır:
- Hadisə cəza kimi;
- Hadisə mükafat kimi;
- Hadisə sınaq kimi.
Yəni hadisənin görünməyən tərəfində zərər görən şəxs ya hansısa günahının cəriməsini görür, ya ona bu hadisə nəticəsində mükafat çatır, yaxud da çətin durumda sınanmaqdadır. Əlbəttə, cəza və sınaq aydındır, bəs mükafat necə ola bilər? O zaman hadisəni dərindən düşünək. Biz hadisənin bir tərəfini görürük, ancaq bütünlüklə görə bilmirik. Bunun üçün bir örnək verək: Qəza keçirən şəxsə xəsarət yetirən şəxs çox imkanlı, imkanlı olduqca da xeyirxah və əliaçıq bir şəxsdir. O, xəsarət yetidiyi şəxsi müalicə etdirməklə qalımır, onunla dostluq qurur, bir ömür özünü ona borclu hiss edir, işsiz olduğunu bildikdə isə onu öz yanına alır, onun bütün həyatının firavan keçməsinə səbəb olur. Əslində bu hadisə olmasaydı bu şəxsin həyatı bu şəkildə yoluna düşə bilməyəcəkdi. Əslində bu şəxs də, səbəb deyil, vəsilədir. Yəni Uca Allahın mükafatını bu şəxsə çatdıran vasitədir. Bəs olmazdımı ki, qəzasız mükafat olaydı? Xeyr! Cəfasının şiddətini bil ki, səfasının qiymətini biləsən. Uca Allah Qurani-Kərimdə buyurur ki, “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə´zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər (Bəqərə surəsi, 216-cı ayət).
Elə bu ayə bütün kontekstlərdə hadisənin batini tərəfi olduğunu göstərir. Məhz koronavirus hadisəsi də bu qəbildəndir. Hadisənin zahiri tərəfində, görünən üzündə dünyada pandemiya yaradan bir virus meydana çıxıb. Ancaq bunun müəyyən dövlətlər tərəfindən yaradılıb müxtəlif siyasi məqsədlərə xidmət etdiyi də iddia olunur. Ancaq hadisənin batininə baxdıqda hər şey aydın olur. Əgər bu koronavirus yaranmışsa cəzadır, yaradılmışsa, yenə də cəzadır. Uca Allah mövcud nizam qoymuş, bu nizamın pozulacağı təqdirdə müxtəlif fəsadların törənəcəyini bəyan etmişdir. Biz bu barədə yenə də mübarək Kitabımızdan oxuyuruq: “Onlara “Yeryüzünde düzeni bozmayınız” denildiğinde, “Hayır, biz yalnızca islah edenleriz” derler. Biline ki, gerçekten bozanlar onların ta kendileridir, ama farkında olmuyorlar” (Bəqərə surəsi, 11-12 ayətlər).
Göründüyü kimi bu tərcümə Türkiyə türkcəsindədir. Türkiyənin rəsmi dini qurumu olan Diyanet İşleri Başkanlığının tərcümə və məalıdır. Bakanlığın yeni tərcümə və məalında isə bu ayələr bu şəkildədir: “Bunlara, “Yeryüzünde fesat çıkarmayın” denildiğinde, “Biz ancak islah edicileriz!” derler. İyi bilin ki, asıl bozguncular kendileridir, lakin farkında değillerdir”.
Göründüyü kimi ikinci tərcümədə pozmaq sözü fəsad çıxarmaq kimi qeyd olunmuşdur. Z.Bünyadov və V.Məmmədəliyevin tərcüməsində də bu şəkildə deyilir: "Onlara: "Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir", -deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər ( Bəqərə, 11,12).
Elə orijinal Qurani-Kərimdə də bu söz fəsad kimi işlənir: “Və-iza kilə ləhum la tufsidu fil-ardi kalu innema nahnu muslihun(e)
Burada “Tufsidu” sözü fəsad çıxarmayın anlamını verməklə fəsad sözü ilə eyni kökdəndir. Fəsad çıxarmaq qarışıqlıq salmaq, pozğunçuluq yaratmaq, qeyd etdiyimiz kimi xaos törətmək mənasında işləkdir. Dilimizdə fitnə-fəsad deyimi də ara pozmaq, münasibətlərə qarışıqlıq gətirmək mənasında işlənir.
Elə 12-ci ayənin sonunda deyildiyi kimi fərqinə varmadıqları üçün də pandemiya dünyanı başına almışdır. Bu ayələr bu gün dünyanı saran pandemiyanı izah etmək baxımından çox mənalıdır. Əgər iddia olunduğu kimi bu virus labaratoriyada müasir texniki vəasitə əsasında məkrli niyyətlə hazırlanıb dünyaya yayılmışsa, Uca Allah bəyan edir ki, yer üzündə fəsad, qarışıqlıq, xaos yaratmayın. Siz bunun yaxşı olduğunu iddia edirsiniz, ancaq dərk etmirsiniz ki, başınıza nə müsibətlər gələ bilər. Yox, əgər bu virus təbii şəkildə yaranıb dünyaya yayılmışdırsa, yenə də Uca Allah bu ayələrdə xəbərdarlıq edir ki, yer üzünün nizamını, düzənini pozduğunuz üçün fəsad yaranır. Ancaq siz bunu anlamırsınız. Eyni zamanda “Biz islah edənlərik” iddiası necə də başqa ölkələrə guya elm və mədəniyyət yaymaq iddiasıyla həmin ölkələrin maddi sərvətlərini talan etmək və əhalisinə zülm etmək ambisiyalarını dəqiq bir şəkildə 1400 il bundan qabaq izah edir.
Bu yerdə belə bir sual meydana çıxa bilər ki, Uca Allah hər kəsi cəzalandırmaq istəyərmi? Ancaq bunun cavabı aydındır. Allahu-Təalanın yaratdığı təbiətin nizamı pozulanda fəsad baş verir, terminoloji dillə desək xaos yaranır. Bu zaman hər kəs bundan zərər görür. Yəni Allahu-Təala xəbərdarlıq edir ki, yaradılan təbiətin təbii qanunlarını pozmayın, yoxsa min bir bəla ilə üz-üzə qalacaqsınız. Bu yerdə təbiətə materialist təfəkkürlə baxan, ancaq əslində Allah nizamını yaxşı bilən F.Engelsin məşhur sözləri yada düşür: “Lakin təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır”.
Burada başqa bir kontekst də özünü göstərir. Zalım ona görə var ki, məzlum var. Daha dəqiq ifadə etsək məzlum olmasa zalım olmaz. Demək məzlumun da cəzası zalıma göz yumması, onun mövqeyinin möhkəmlənməsinə şərait yaratması və bu şəkildə Uca Allahın qoyduğu nizamın pozulmasıdır. Təsəvvür edin ki, avtoritar-totalitar ölkələrdə zzalımların, müstəbidlərin öhdəsindən gəlmək olmur. Bəs demokratik ölkələrdə necə? Axı necə olur ki, demokratik cəhətdən və texnoloji baxımdan inkişaf edən ölkələr bir tərəfdən labaratoriyalarda süni insan və robotlar yaradır və bununla öyünür, digər tərəfdən uşaqlı-qocalı, qadınlı-kişili zəif insanların başına bomba yağdırır, soyqırım törədir, lakin demokratiya içərisində olan əhali durub buna etiraz etmir? Öz dövlətlərini zülm etməkdən çəkindirmir? Belə çıxır ki, özünə haqsızlıq olanda zülm kimi, başqasına haqsızlıq olanda isə təbii hal kimi qəbul olunur. Nə qədər ki, dünya bu kimi ikili paralellərlə, bölgülü ədalətlərlə həyat tərzinə davam edəcək, hələ çox müsibətlər baş verəcək. Çünki Uca Allahın ədaləti hamı üçündür, bir yığın özünü bəyənmiş üçün deyil. Allahu-Təala bu haqda dəfələrlə öz Bəyanında xəbərdarlıq edir. Qurani-Kərimin “Əl-İsra” (Gecə vaxtı seyr) surəsinin 58-ci ayətində oxuyuruq: Ve im min karyetin illa nahnü mühlikuha kable yevmil kıyameti ev müazzibuha azaben şedıda kane zalike fil kitabi mestura (Günaha batmış) ne kadar ülke varsa hepsini kıyamet gününden önce ya helâk etmiş veya onlara çetin bir şekilde azaba uğratmış olacağız. Bu, kitapta yazılıdır).
Bu tərcümə Diyanet İşleri Başkanlığına aiddir. Z.Bünyadov, V.Məmmədəliyev tərcüməsində də demək olar ki, eynidir: ( Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!) (İsra, 58).
Bu gün kim iddia edə bilər ki, günaha batmamış bir məkan vardır. Elə buna görə də göründüyü kimi Uca Allahın bəyanı və əhdi öz yerini almışdır. Buna görə də bu və ya bunun kimi bəla və müsibətlərdən qorunmağın yeganə yolu Allahu-Təalaya sığınmaq, Allah inancı daşımaq və bu inanca uyğun şəkildə yaşamaqdır.
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent