
Azərbaycanın görkəmli mühacir alimi və şairi, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmlər doktoru, uzun müddət Böyük Britaniyanın Edinburq Universitetinin İslam və Orta Şərq departamentində çalışmış professor Qulamrza Səbri Təbrizi vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə yazıçı, ədəbiyyatşünas, professorVaqif Sultanlı məlumat yayıb. O bildirib ki, mərhum Mehdiabad məzarlığında dəfn olunub.
Qeyd edək ki, Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olub. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirib. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışıb. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsində magistr təhsili alıb. 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili alıb. Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərib. 1963-1969-cu illərdə isə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olub. 1978-1995-ci illərdə televiziya şirkətlərində icmalçı olub. Təbrizi 1989-1990-cı illərdə Məhəmmads Mahmudla türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirib. O, həmçinin 1995-ci ildə Edinburq Universitetində akademik məsləhətçi olub. Təbrizi 2001-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır. Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış edib və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilib.
Qeyd edək ki, bir neçə il əvvələ qədər çox zəngin bir şəxs olan doktor S.Təbrizi hər zaman imkanlarını milli mübarizəyə sərf etməkdə çəkinməmişdir. Son illərdə, xüsusilə həyatının son vaxtlarında və son günlərində ağır və baxımsız şəraitdə yaşayıb. Bakıda – Ləhiş bağlarında tənha yaşadığı evdə gözlərini ədəbiyyətə yumub.
Allah rəhmət eləsin!