Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 14:12:00
“Alim” elmi assosiasiyasının onlayn qurultayı keçirilib

2020-ci ilin aprelində Fransada Azərbaycan elmi diasporunun yaratdığı “Alim” elmi assosiasiyasının ilk rəsmi ümumi qurultayı onlayn formatda keçirilib. Qurultayda Fransada yaşayan azərbaycanlı və fransalı professorlar, doktorantlar və tələbələr iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, qurultayı “Alim” elmi assosiasiyasının prezidenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Günel Səfərova açıb. O, təşkilatın yarandığı gündən etibarən qısa müddətdə həyata keçirdiyi layihələr və reallaşdırdığı maddi yardım kampaniyası haqqında məlumat verib.

 

Qurultayda assosiasiyanın idarə heyətinə üzvlər seçilib. Təşkilatın üzvlərinin səsverməsi nəticəsində Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının tədris hissə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Müşfiq Orucov və Fransanın Bezanson şəhərində yerləşən Franş-Komte Universitetinin nanotibb üzrə assistant professoru Reda Yahyavi “Alim” assosiasiyasının vitse-prezidentləri seçiliblər. Franş-Komte Universitetinin tibb elmləri üzrə fəlsəfə doktoru Reyhan Həsənova baş katib, Paris Sud universitetinin magistratura məzunu Şəbnəm Süleymanova isə xəzinədar vəzifələrinə seçiliblər.

 

Qurultay iştirakçıları “Alim” assosiasiyasının rəsmi saytının qurulması, gələcək fəaliyyəti, iki ölkə arasında aparılacaq layihələr və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, “Alim” elmi assosiasiyasının yaradılmasına dair ilk təşəbbüs ötən il dekabrın 14-də, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Paris şəhərində səfirliyimizin Mədəniyyət Mərkəzində təşkil edilmiş görüşdə irəli sürülüb.

 

“Alim” elmi təşkilatının ümdə məqsədlərindən biri hər iki ölkədən olan elm adamlarını bir müstəvidə toplamaq, birgə layihələr həyata keçirmək və Azərbaycandakı istedadlı gənclərin xaricdə ali təhsil almasına dəstək olmaqdır.

 

Eyni zamanda, “Alim”in qurucularının təşəbbüsü ilə koronavirus pandemiyası səbəbindən Fransada təqaüdsüz təhsil alan və maliyyə çətinlikləri ilə üzləşən azərbaycanlı tələbələrə kömək məqsədilə maddi yardım kampaniyası çərçivəsində iki ölkədən müxtəlif şəxslərin və dövlət qurumlarının dəstəyi ilə toplanan vəsaitlə 22 tələbəyə 9600 avrodan çox yardım edilib. (AZƏRTAC )