
AzEdu.az Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində yer alan valideynlərin hüquq və vəzifələrini təqdim edir:
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
övladlarını (qəyyumluğunda və yaxud himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.