Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 17:01:00
TƏHSİLDƏN .....dək

7 il bundan əvvəl eks Təhsil naziri Misir Mərdanovun təhsil şinelindən kənar gənc Mikayıl Cabbarovla əvəzlənməsi cəmiyyətdə ildırım effekti yaratmışdı. Və elə o vaxtdan Mikayıl Cabbarovun komandası təhsildə ildırım sürəti ilə də dəyişikliklər etməyə başladı. Müəllimlərin işə qəbulu, diaqnostikası şəffaf qaydada aparıldı, məktəb direktoru seçimlə müəyyən olundu, Təhsil Nazirliyində bir çox proseslər elektronlaşdırıldı, tələbə köçürülməsində inqilab baş verdi, şagirdlərin olimpiadasında haqqı olanlar qalib gəldi və beləcə siyahını yüzlərlə başlıqlarla uzatmaq olar. Şübhəsiz ki, təhsil sistemində illərlə, hətta on illərlə yığılıb qalmış problemləri bir neçə ilə, özü də bir nəfəsə həll etmək mümkün deyil, hətta bunu dünyanın ən qüdrətli adamlarından biri olan Bil Qeyts belə edə bilməz.

 

Ancaq nə baş verdi?

 

İnsanların təhsilə və orada baş verənlərə ümidi yarandı, cəmiyyətdə bu sahəyə olan fikirlər, mövqelər dəyişdi. Dürüst, halal yolla müəllim olmaq, direktor vəzifəsinə təyin olunmaq, bir universitetdən digərinə transfer edilmək, övladını məktəbə yerləşdirmək, rayon (şəhər) təhsil şöbə müdiri olmaq, hətta doğru yolla rektor təyinatında verilən sağlam qərarlar cəmiyyətdə ümid yaratmağa başladı. Artıq cəmiyyətin ağlından belə keçmir ki, müəllim “levıy” yolla məktəbə işə qəbul oluna bilər və s. Bu işləri görmək üçün illərin əziyyəti, belə demək mümkünsə, zülmü tələb olunur. Bu işdə əgər sağlam komanda olmazsa, qeyri-sağlam vəziyyət hökm sürərdi. Bu da bu gün çox aydın görünərdi. Ancaq gəlin baxaq, təhsildə nə baş verir?

 

Son 7 ildə həyata keçirilən bütün layihələr, xüsusilə də son 2 ildə sürətli, davamlı, miqyaslı şəklində icra olunur. Mən burada təffərrüata getsəm deyə bilərəm ki, artıq keçmiş Təhsil naziri, Təhsil naziri kimi sükanı yaxşı idarə edib. Baxın, təkcə son 5 ayda, pandemiyanın ən ağır dönəmində Təhsil Nazirliyi cəmiyyətdə özünü bütün sferalarda yaxşı tərəfdən göstərən ən yaxşı strukturlardan biri, bəlkə də birincisi olub. Təhsil Nazirliyi vahid komanda işi ilə qərarvermədə yubanmadı, dərsi evlərə daşıdı, virtual ünsiyyəti qura bildi, cəmiyyətə davamlı mesajlar ötürməklə pozitiv mühit yarada bildi, müəllimləri sözün həqiqi mənasında diri saxladı və s. Bu dövr mən deyərdim ki, Ceyhun Bayramovun təhsil idarəçisi kimi ən parlaq dövrü idi. Ümumi təhsildən tutmuş, peşə, ali təhsilədək pandemiya dövründə Azərbaycanın parlaq təcrübəsini hətta "Microsoft" şirkətinin vitse prezidenti belə etiraf etdi. Burada bir şeyə diqqəti cəlb etməyə bilmərəm. Pandemiyanın ən ağır və ən qeyri-müəyyən dövründə Təhsil Nazirliyi cəmiyyətə müəyyən, stabil, sağlam və pozitiv mesajlar verirdi, heç kim unudulmurdu. Psixoloji yardım masasından tutmuş, korrekt təyinatlaradək, hətta efirdə dərs keçən müəllimlərin oxuduqları “Azərbaycan mahnısı”nadək, nazir Ceyhun Bayramovun oxuduğu məktəbdə səsləndirdiyi “Son zəng” sədasınadək, hər şey cəmiyyətlə həmahəng idi. Hər şeyin deyilişində və quruluşunda cəmiyyət və onun həssas durumu var idi. Bu, Təhsil naziri kimi Ceyhun Bayramovun əla idarəetmə keyfiyyəti ilə komandasının cəmiyyəti duya bilmə qabiliyyəti idi. Mən çox yazmaq istəmirəm. Əslində bu yazını yeni təhsil ili öncəsi planlaşdırırdım. Ancaq Ceyhun Bayramovun yeni təyinatı vaxtı dəyişdi. Əslində vaxtın dəyişməsi ilə qədim pritçada deyildiyi kimi, “hədəf”lər də dəyişir. Hədəfin dəyişməsi isə keyfiyyətə gətirib çıxaranda qələbə əldə olunur. Mən inanıram ki, yeni, milli və qlobal keyfiyyətləri sintez edə bilmiş gənc nazirimiz xarici mövqelərimizi də uğurla qoruya biləcək.

 

Professor Əli Ağayev