
"Təhsilin təşkili keyfiyyətli internet infrastrukturu qurulmadan mümkünsüzdür".
AzEdu.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi facebook səhifəsində yazıb.
O, tədrisin təşkili üçün texnoloji avadanlıqların zəruriliyini vurğulayıb.
“Hər iki halda tədrisin təşkili üçün texnoloji platforma və texniki –texnoloji avadanlıqlar zəruri şərtdir.
Yəni hər iki təhsil forması üçün keyfiyyətli internet əlçatan olmalı , təhsil alan və təhsil verənlərin kompüterlərlə təminatı olmalıdır. Əlavə olaraq da rəqəmsal tədris resursları və rəqəmsal bacarıqlar yetərli olmalıdır.”
Direktor, ölkədə internet və texniki təminatla bağlı mövcud olan problemə diqqət çəkib
“Keyfiyyətli internet və texniki-texnoloji təminatla bağlı bizdə ciddi problemin olmasını hökumət də, Təhsil Nazirliyi də və elə hamı da bilir.
Kəndlərin əksəriyyətində keyfiyyətli internetə əlçatanlıq yoxdur. Statistikaya görə əhalinin 50%-i kəndlərdə yaşayır. Ailələrin kompüterlə təminatı da yetərli deyil.
Düşünürəm ki, məhz bu səbəbdən hökumət və TN təhsilin təşkilinin forması ilə bağlı çətinliklə üzləşiblər.”
O, bildirib ki, zamanında buraxdığımız səhvlər və imkanlar indi bizi ciddi problemlə üz-üzə qoyub
Osman Gündüz, hazırki halda növbəti tədris ilinin səmərəli təşkili, təhsilalan və təhsilverənlərin internet və texniki-texnoloji təminatı ilə bağlı öz təkliflərini qeyd edib:
1.Keyfiyyətli internet hökumətin ciddi dəstəyi olmadan reallaşan məsələ deyil. Bunu təklikdə nə NRYTN , nə də TN öhdəsindən gələ bilməz.
Statistikadan görmək olar ki, ən azı 50 % məktəblərin yerləşdiyi ərazilərdə normal internet yoxdur.
Vaxtilə, 6-7 il öncə bu problemi həll etmək üçün , 0.5 milyard manat büdcəsi olan bir Dövlət Proqramı hazırlanmışdı. Neft Fondundan maliyyələşəcəkdi.
Bu proqram obyektiv-subyektiv səbəblərdən hökumət tərəfindən dəstəklənmədi və maliyyələşmədi. Amma problem də həll olunmadan qaldı və daha da dərinləşdi.
Düşünürəm ki NRYTN təcili bu məsələyə yenidən qayıtmalı, Proqramı update etməli, bütün maraqlı tərəfləri, özəl provayderləri cəlb etməli , təkliflər toplanmalı , “Kəndlərə optika” dövlət proqramını hazırlamalı və dəstək üçün Prezidentə mürciət olunmalıdır.
Hər bir rayon üzrə genişzolaqlı internet infrastrukturunun qurulması istiqamətində tədbirlər planı hazırlanmalı, özəl provayderlər bu işə cəlb olunmalıdır.
Ümumiyyətlə isə, dünyanın gedişatı da bir daha onu göstərir ki , biz təcili olaraq bu sahələrə investisiya ayırmalı və təkcə təhsilin deyil, bütün dövlət xidmətlərinin ölkə üzrə əldə olunmasını həll etmək üçün keyfiyyətli və dayanıqlı internet infrastrukturunu qurmalıyıq.
2. Hazırda məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində minlərlə normal vəziyyətdə olan kompüterlər və notbuklar var ki , Covid-19-la bağlı bunlar istifadəsiz qalıb . Düşünürəm ki bu avadanlıqları müəllimlərə və şagirdlərə müvəqqəti olaraq vermək mümkündür. Vəziyyət normallaşanda kompüterlər geri alına bilərdi.
3. TN əlavə olaraq yeni kompüter və digər avadanlıqlar alınması üçün təcili hökumətdən kömək istəməli və bu məqsədlə beynəlxalq qurumlara, səfirliklərə da müraciət etmək faydalı olardı
4. TN və NRYTN ölkənin İT şirkətləri və mobil operatorları ilə birgə görüş təşkil etməli , güzəştli şərtlərlə İT avadanlıqlar və mobil imetrnet paketləri əldə etmək üçün onlara müraciət olunmalıdır.
5. Fikrimcə təhsilin keyfiyyətli formada təşkili üçün indiki anda maraqlı tərəflərin iştirakı ilə hökumət səviyyəsində toplantının keçirilməsi da faydalı olardı".