
İctimai fikir elastikdir. İctimai fikrə təsir edən fərdi qənaətlər və yaradıcılıq məhsullarının böyük əksəriyyəti tarixin sınağından keçə bilmir. Lakin dünyagörüş formaları kimi nəzəriyyələrin də tarix sınağından uğurla keçdiyi nümunələr var.
Məsələn, Leybnitsin bu baxımdan səsləndirdiyi “düşüncə köhnəlmir” ideyası uzun illər fəlsəfi polemikaların əsas mövzularından olub.
Dekadens hələ də əsas kulturoloji müzakirə mövzularındandır. “Yox olma” və “çöküş” anlayışlarını yanlış bir yanaşma kimi izah edənlərdən fərqli olaraq bütün maarifçilər Dekadensi yenidən oyanışın əsas meyarı hesab edirlər. Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Elnarə Akimova yazır ki, Dekadans ruhun çöküşüdür, insanın həyat, dünya, bəşər rifahı, xoş gələcəklə bağlı ideyalarının “inkisari-xəyalə” uğraması, insanın içində yaranan “son” problematikasıdır. XIX əsrin axırlarında Fransada meydana meydana çıxan dekadentizm cərəyanı simvolizm, sürrealizm, kubizm kimi cərəyanları özündə ehtiva edir. Rus tənqidçisi V.V.Stasov “Şeir aləminin sərgisindən” adlı məqaləsində deakdentizmin ilk dəfə Fransada yaranması və fərqləndirici cəhərlərinə dair yazır: “Dekadentlər fransız səmiyyətinin müasir durumuna müxalif olanlardır. Onların poeziyasının xarakterik xüsusiyyəti – aydın olmamaq, qeyri-müəyyənlik, yalnız ürəyin hərəkətinə və həssaslığına aid olan sirli suallara can atma nəticəsində yaranan mistisizmdir.” Dekandentlərin 1885-ci ildə “Le Dekadent” adlanan ilk jurnalları çap olunur. Zamanında heç də hamı tərəfindən qəbul olunmayan dekadentizm imperializm dövrünün mürtəce cərəyanı kimi inkar olunmuşdur.
Rus ədəbiyyatşünası Roman Dubrovkin “Lev Tolstoy, Mallarme və “zamanın xəstəliyi” adlı kitabında qeyd edir ki, “Yaradıcılığının müəyyən mərhələsində dekadentləri inkar edən, “dekadentizm tam dəlilikdir” deyən L.Tolstoy məlum olmayan səbəblərdən sonradan simvolist ədəbiyyatın aktiv oxucularından olmuş, etiraf etmişdir ki, “dekadentlərə daha çox diqqət ayırmaq lazımdır, necə ki, bunu edirlər, çünki dekadentlik özünə qarşı ciddi münasibətə layiq olan zamanın xəstəliyidir.” Birinci dünya müharibəsindən sonra insanların bəşəriyyətin gələcəyi ilə bağlı ümidlərində bir boşluq yarandı, heç bir texnoloji inkişaf onları ruhlandırmadı. Bu, bütün Qərbdə özünü göstərən hərəkatın göstəriciləri idi. XX əsr kifayət qədər dünya proseslərinə açıq olan bir zaman kəsimi idi və dövrün aydınları potensial olaraq belə bir qarşılıqlı bəhrələnməyə hazır insanlar idilər. Qərb ədəbiyyatında XIX əsrin sonu XX əsrin əvvəllərində başlanan modernizə cəhdlərinin Şərq ədəbiyyatlarına, konkret isə milli ədəbiyyatımıza təsiri ədəbiyyatın özünün inkişaf qanunauyğunluğundan, məntiqi gedişindən doğurdu. Heç vəchlə razılaşmamaq olmur, ədəbiyyatşünas T.Əlişanoğlu Əlibəy Hüseynzadənin 1905-ci ildə yazdığı “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsini “Dekadent olmadığımız və olamadığımız halda məqaləmizin sərlövhəsi dekadentizm qaydasında oldu” fikrinə görə “bizdə Avropa modernizmi hadisəsinə nəzəri olaraq diqqət cəlb etmiş ilk yazı” hesab edir. Burada dəqiq olan həm də Ə.Hüseynzadənin fikridir: “Dekadent olmadığımız və olamadığımız halda…”. Həmin dövrdə fəaliyyət göstərən sənətkarlar dekadent deyildilər, daha çox realist-romantik ədəbiyyatın nümunələrini yaradırdılar, modernist cərəyanlara meyl eləcə stixiyalı şəkildə, dəb, maraq səviyyə-səciyyəsində təsdiqini tapırdı. Amma o xüsusda ki, müəllif yazısının sərlövhəsinin “dekadent qaydasında olmasına” diqqət çəkir, bu da səbəbsiz deyil. Romantik-realist ədəbiyyatın getdikcə “doyğunluq”u, eyni zamanda romantizmin puç olmuş, fiaskoya uğramış sonucları milli ədəbiyyatda belə bir durumun, “dekadent olmanın” yetişməsi üçün zəmin yaradırdı. “Fəlsəfi mənada dekadans ideoloji həmlələrin hədəfi olmaqdan çox, milli romantik-realist ədəbiyyatın tükənməsi, ədəbiyyatda XX əsr tempinin, ölçülərinin 2 axtarılması meylləri ilə bağlı idi.” (Tehran Əlişanoğlu). Bu, bütün dünya ədəbiyyatında belədir. Sənətkarın insan, dünya və zamanla bağlı idealları heçliyə yuvarlananda onun adı çəkilən fiqurlarla yeni dialoqu başlayır. Amma bu proses heç də birbaşa, sənətkar içinin asan “çevrilişi” hesabına başa gəlmir. Romantik idealların çöküşü ardınca ruhun tənhalığını, son problematikasını, dekadans durumunu gətirmiş olur.
Əli bəy Hüseynzadənin illər sonra hələ də aktuallığını qoruyan “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsi hələ də dünya gündəmindəki aktuallığını qoruyur. Dünya “qırmızı qaranlıqlarla” assosiasiya olunan “narıncı inqilablar” və imperialist qəsblərə qarşı müqavimət formalaşdırmağa çalışır. Bu vaxt bütün coğrafiyalar özlərinə xas “işıqlar yandırırlar”. Müsəlman aləmi isə Qərb imperializminə qarşı yaşıl işığını heç vaxt söndürmədi.
Millət vəkili Etibar Əliyevin “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabında Əli bəyin məlum məqaləsini oxuduqca dekadensin indiki dövr üçün aktuallığını bir daha beynimdə çək-çevir etdim. Əli bəyin 1906-cı il 12 dekabr tarixində “Füyuzat” jurnalından dərc olunan “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsi dövrün cəhalətinə qarşı açılan savaş idi.
STM.az