Sentyabrın 7-də Avstriyanın şərqində yerləşən üç federal əyalətdə (Vyana, Aşağı Avstriya və Burqenland) yerləşən ümumtəhsil məktəblərində tədris ilinə start verilib.

 

AzEdu.az  xəbər verir ki, şagird, müəllim və valideynlər üçün fərqli tərzdə başlayan tədris ili COVID-19 pandemiyası ilə əlaqədar özü ilə bir sıra dəyişikliklər də gətirib. Tədris ilinin ilk həftəsi şagirdlərə yeni qaydalar (gigiyena, sosial məsafə, sinif və məktəb ərazisində rəftar və s.) izah ediləcək, şagirdlərin mümkün qədər bir-biri ilə təmasa girməməsi öyrədiləcək.

 

Federal Təhsil naziri Haynts Fassmann yeni tədris ili ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, hansısa məktəbdə koronavirusa yoluxma halı müəyyən edildikdə, yoluxma ocağına daxil olan şəxslərin müəyyən və təcrid edilməsi ön planda dayanacaq. Nazirin sözlərinə görə, əsas hədəf məktəblərdə tədris prosesini tam şəkildə təmin etməkdir və ötən tədris ilindən fərqli olaraq məktəblərin bağlanmaması üçün bütün imkanlar səfərbər ediləcək. Bununla belə, yoluxmanın geniş yayılacağı hal üçün ənənəvi tədris prosesinə paralel şəkildə şagirdlər rəqəmsal media və onlayn tədris imkanları ilə işi davam etdirəcəklər.

 

Qeyd edilməlidir ki, yeni tədris ili Təhsil və Səhiyyə nazirlikləri üçün mühüm mərhələni təşkil edir. Bu gün üç əyalətdə ümumilikdə yarım milyon, növbəti həftədən isə digər əyalətlərdə 620 min şagird tədris ilinə start verir. Tədris ilinin gedişatı yoluxma səviyyəsinin artıb-azalmasında statistikada əks olunacaq.

 

E