Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-05 11:13:00
Səfir professorun Şuşa xatirəsi: " Xəlil Rza ona tərs-tərs baxıb davam edir..."

Professor, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın  Macarıstandakı  fövqəladə və  səlahiyyətli  səfiri  Vilayət Quliyev  sosial şəbəkə hesabında  Şuşa ilə bağlı bir xatirəsini paylaşıb.

 

AzEdu.az  səfir professorun xatirəsini təqdim edir:

 

“1987-ci ilin iyul ayı.

 

Şuşada sonuncu Vaqif  poeziya günləri.

 

Şairin əzəmətli məqbərəsinin önündə müxtəlif dillərdə şeirlər səslənir.

 

Sıra Xəlil Rzaya gəlir.

 

O, pırpız qaşlarını çataraq  iri gözlərini daha geniş açır və az qala hayqıraraq oxuyacağı şeirin adını elan edir:

 

"Türk sözündən qorxan alçaqlara".

 

Dağlıq Qarabağın erməni şair və yazıçılarının hamısı Azərbaycan dilini yaxşı bilir. Ona görə də dərhal qulaqlarını şəkləyirlər.

 

Aydın məsələdir ki, Xəlil Rza bu şeiri qəsdən seçib. Erməniləri öz silahları ilə vurur. Onların acığına bəşər sivilizasiyasının bütün uğurlarını türklərin adı ilə bağlayır. Hətta "ər üz" adlandırdığı  rusları da dinini və dilini dəyişmiş türk elan edir. Türk sözlərini öz dillərinə uyğunlaşdırmaqda suçlayır:

 

"Çelovekə çevirdin,

 

Sən çələbəy sözümü"

 

Arxada  dayanmış  rusdilli şairimiz, Azərbaycan bayatılarının əvəzsiz tərcüməçisi Vladimir Qafarov özünü saxlaya bilməyib pıqqıltı  ilə gülür.

 

Xəlil Rza ona tərs-tərs baxıb davam edir:

 

"Vladimir Qafarov!

Gəl bərəltmə gözünü,

Çox itirmə özünü

Çətin ki, anlayasan

Sözümün hikmətini.

Sən get təzədən öyrən

Nəsil-nəcabətini!"

 

Bəlkə də çoxları Xəlil Rzanın şeirin mətnində olmayan bu misraları bədahətən dediyinin fərqinə varmır.

 

Vladimirsə əlini onun kürəyinə toxundurub "Да пошел ты!"- deyə pıçıldayır.

Hamıya bir qayda olaraq "Gözəl insan" deyə müraciət edən Araz Dadaşzadə yol boyu hər kəsə "Gözəl çələbəy!"-deyir və birinci özü uğunub gedir.

 

Şuşa! Həyatımızın ayrılmaz parçası!”