
Suala görə deyil, cavaba görə rəy formalaşır...
Sualdan asılı olmayaraq İlham Əliyev həqiqəti və demək istədiyini deyir...
2000-ci ildə Azərbaycanın Avropa Şurasına (AŞ) üzvlük məsələsində ölkəmizə olan siyasi təzyiqləri və media basqısını bilənlər bilir... Belə bir mənzərə yaratmışdılar ki, Azərbaycan AŞ-a daxil olmasa, dünya dağılacaq...
Son anda ulu öndər Heydər Əliyev məsələyə nöqtə qoydu: "Azərbaycan indiyədək Avropa Şurası olmadan yaşayıb. Dünyada AŞ üzvü olmayan çoxsaylı ölkələr var, onlara da bir şey olmayıb. Biz bundan sonra da Avropa Şurası üzvü olmadan yaşaya, inkişaf edə bilərik..."
...Vəəəə, sanki qurbağa gölünə daş atıldı... Avropa Şurası, ittihamçı media yumuşalıb muma döndü, təhdid dili, təklif və tövsiyə dilinə çevrildi, ümidlər, inam ifadə olunmağa başladı...
İndı bir sıra xarici medianın Azərbaycanın haqq işinə münasibətindən təəccüb etməyə dəyməz. Bu, onların başında və ya arxasında duranların sualları, narahatlığıdır. Dünyada erməni cəmiyyətləri, erməni diasporu, erməni lobbisi deyəndə, bunlar adi sözlər deyil, arxasında güclü maliyyənin durduğu açıq və ya gizli mərkəzlərdir. Onların təsiri hər hansı formada özünü göstərməlidir və göstərir...
Digər bir məqam odur ki, media ilə münasibətdə dünyada qəbul olunmuş əsas tezislərdən biri olan "verilən sualdan asılı olmayaraq, sən demək istədiyini de!" prinsipi qərəzli mediaya yanaşmada ən təsirli və səmərəli üsuldur. Prezident İlham Əliyev də bu və digər vasitələrlə özünün də qeyd etdiyi kimi, "onların səviyyəsinə enmədən" yüksək səviyyəli və peşəkar cavabları ilə sözün həqiqi mənasında onları mat qoyur. Və ya yeri gələndə onların ehtimal etdiyindən də açıq və sərt cavablarla qarşı tərəfi oyundankənar vəziyyətə salır.
Bir məqamı da unutmayaq, tamaşaçı, dinləyici və oxucuda suala görə deyil, cavaba görə rəy formalaşır...
Bəşarət Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü