
Demək olar ki, tarixin heç bir dövründə insan məhsulu olan fəlsəfə və keyfi düşüncə elmi inkişaf etdirməyib (kiçik istisnaları çıxmaq şərti ilə).
Əksinə insanların elm sahəsindəki arayışları, kəşfləri, gəldikləri nəticə fəlsəfə və düşüncə sahəsində dəyişikliklərə səbəb olub.
1.Yunan dünyası Misir və Babillə əlaqələri nəticəsində nələrisə oxudu, gördü və Sokrat, Platon, Aristotel və s. ortaya çıxdı. Elmi gördülər, öyrəndilər, kainatı dərk etdilər, sonra onun üstündə fəlsəfə bina inşa etdilər. Yoxsa, xoşbəxtliklərini Olimp dağlarında axtarırdılar.
2.Ərəb dünyası antik və Hind elmi mirasını tərcümə etdilər, fərqli düşncə sistemləri ilə tanış oldular. Məhz bundan sonra elm mərkəzli kəlam elmi (səbəb-nəticə əlaqəsini əsas götürən, məntiqə uyğun olan, əqli və nəqli inkar etməyən) inkişaf etdi. Yoxsa elm olmayan dövrdə müsəlmanlar bir qədəriyyə, bir cəbriyyə arasında gedib gəlirdilər. Bu sahədə boşluq var idi.
3.Avropa Siciliya və Əndəlüs müsəlmanlarından öyrəndikləri sahəsində Rönesansı qurdu. Rönesansı katolik kilsəsi başlatmışdı - müqəddəs Pyotr bazilikası, Leonardo da Vinçinin əsərləri, Mikelancelonun heykəlləri, ilkin müstəmləkə işğalları. Əgər kilsənin xeyir-duası olmasaydı bunların heç biri də olmazdı. Əndəlüsdən, Siciliyadan alınan həndəsi, riyazi, anatomik, coğrafi biliklər olmasaydı bu yeniliklər həyata keçməzdi. Nəticədə bu elmlə güclənən insanlar kilsəni "müsəlmanlaşdırdılar".
Protestan hərəkatı başladı: ikonalar, rəsmlər dindən kənar hesab edildi, papanın ali hakimiyyəti, kilsə iyerarxiyası İsaya zidd hesab edildi, zəngin kilsə məclisləri, vergilər rədd edildi, kalvinizm, svinqlianizm kimi protestant məzhəblərində hətta musiqi, teatr kimi əyləncələr də qadağan edildi. Elm kilsəyə baxışı dəyişdi.
4.Yuxarıdakı protestant mühit ortaya Dekartı (təcrübə və müşahidə) çıxardı: əvvəlcə elmdə təcrübələr və müşahidələr oldu ki, ortaya empirizm və rasionalizm fəlsəfi fikirləri ortaya çıxdı. Bu da Nyutonu ortaya çıxardı
5.Eynşteynin kəşfləri Ümumi nisbilik nəzəriyyəsini ortaya çıxardı.
6.Son müşahidələr, elmi yeniliklər, kainatda bilinməzlərin kəşfi elmdə yeniliklərə səbəb oldu: heç də bütün doğru təcrübə və müşahidələrlə sabit deyildir deyildi. İndi kvant mexanikası və s. nəzəriyyələr ortaya atılır.
Qısası, fəlsəfə oxuyaraq inkişaf etməz insan. Elmlənərək inkişaf edər. Fəlsəfə Var edənin və var olunanın kobud şəkildə (bəlkə də elmə əsaslanaraq) dərk edilməsidir. Elm isə gördüyümüz kimi statik (sabit, duran) deyil, daim dəyişir. Elm bu gün iddia etdiyini sabah çox rahat inkar edə bilir. Bu mənada mütləq inanc məsələsində elmlə ehtiyatlı olmaq lazımdır.
Və nəhayət fəlsəfə: Elm yoxdursa fəlsəfə də yoxdur. Elmsiz fəlsəfə səfsətədir. Ona görə də boğazına şərf, yaylıq bağlayıb, əlində kağız stəkanda kofe ilə gəzən elm sahibi olmayan inkubator fəlsəfəçilər əslində qəbul edilməməlidir. Elm fəlsəfəni inkişaf etdirib, fəlsəfə elmi yox.
Rəşad Mustafa
Tarixçi