Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 17:47:00
"Bu kitab pedaqoji fikir tarixinə dəyərli töhfə hesab olunur" - Samir Mehdizadə

"Dünyanın təhsil mənzərəsi” təhsilşünaslığa və pedaqoji fikir tarixinə dəyərli töhfə hesab olunur.

 

Dəyərli dostum, yazıçı-jurnalist Böyükağa Mikayıllının “Dünyanın təhsil mənzərəsi” kitabı heç şübhəsiz, onun şah əsərlərindən biridir. Müəllif bir neçə il ərzində dünyanın qabaqcıl ölkələrinin təhsil sistemlərini, orada fəaliyyət göstərən məşhur və nüfuzlu akademiyaları, universitetləri, ümumtəhsil məktəblərini, kitabxanalarını tədqiq etmişdir. Bunlardan Böyük Britaniyanın Kembric və Nottingem Universitetləri, Yaponiyanın Tokio Universiteti, Ukrayna Çap Akademiyası, İT Step Akademiya, Lviv Kiçik Elmlər Akademiyası, ABŞ-ın Massaçusets Universiteti, Sinqapur Milli Universiteti, Nanyanq Texnologiya Universiteti, Almaniyanın Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti, Düsseldorf  Henrix Heyne adına Universitet, Polşanın Krakov Yagellon Universiteti, Çexiyanın Karlovı Universiteti, Almaniyanın “Mozaika” məktəbi, Valdorf məktəbi, Kembric Universitetinin Kavendış laboratoriyası, Misirin Əl-Əzhər Universiteti, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universiteti, Doğu Akdeniz Universiteti, İvan Franko adına Lviv Milli Universiteti, Moskva Dövlət Universitetinin Elmi Kitabxanası haqqında məqalələri qeyd etmək istərdim.

 

Böyükağa Mikayıllı geniş tədqiqat işlərini təkcə ali və orta məktəblərlə məhdudlaşdırmamış, məşhur britaniyalı astrofizik-alim Stiven Hokinqin həyat və elmi yaradıcılığı, Suqata Mitranın “Bulud Məktəbi”, Valeriy Kiriçukun “Universal-onlayn” adaptiv təhsil sistemi, Vira Remajevskayanın yaratdığı “Şir Balası” Uşaq Reabilitasiya Mərkəzi, Xan Akademiyası haqqında da tədqiqat apararaq, oxucuların diqqətinə təqdim etmişdir. Kitabın mühüm əhəmiyyəti həm də onunla şərtlənir ki, Böyükağa Mikayıllı qeyd edilmiş təhsil müəssisələrinin bir çoxunda əyani olaraq tədqiqat aparmış, universitetlərin maddi-texniki bazaları, laboratoriyaları, idman qurğuları, kitabxanaları, arxivləri, tədris, təcrübə prosesi ilə yerində tanış olmuş, həmçinin universitetlərin rektorları, tələbə-müəllim heyəti, məktəb direktorları ilə görüşmüşdür. Bu tədqiqat prosesinin böyük bir qismində jurnalist dostumla mən də çiyin-çiyinə iştirak etmişəm. Ona görə də əminliklə deyə bilərəm ki, “Dünyanın təhsil mənzərəsi” real tədqiqatların məntiqi nəticəsi olaraq yaranıb. Onu da xüsusi olaraq vurğulamağı zəruri hesab edirəm ki, “Dünyanın təhsil mənzərəsi”ndə Böyükağa Mikayıllının dünya təhsilinin tədqiqi istiqamətində fəaliyyətinin yalnız bir qismi toplanıb. Bəzi universitetlər haqqında aparılan tədqiqat işləri kitabın növbəti cildləri üçün nəzərdə tutulub. İnanıram ki, geniş həcmli təhsil tədqiqatlarının yer aldığı “Dünyanın təhsil mənzərəsi” kitabı təhsil işçilərinin – müəllimlərin, tələbələrin, şagirdlərin, valideynlərin marağına səbəb olacaq, oxucu bu kitabla tanış olduqdan sonra dünyanın təhsil mənzərəsi haqqında ətraflı biliklər qazanacaq. Həyatının bir neçə ilini sərf edərək, böyük zəhmət hesabına belə qiymətli əsər meydana gətirdiyinə görə əziz dostum Böyükağa Mikayıllını təbrik edirəm və ona yeni yaradıcılıq uğurları arzulayıram.

 

Samir Mehdi-zadə