Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 11:11:00
  "Rəqəmsal Bacarıqlar" layihəsinin rəhbəri: "Gələcəyin peşələri alqoritmik düşünmə bacarığı tələb edir"  

 

Bakı və Gəncə şəhər məktəblərində Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbinin “Rəqəmsal Bacarıqlar” adlı birgə layihəsi çərçivəsində keçirilmiş proqramlaşdırma və riyaziyyat üzrə "Qış onlayn yarışı"nın qalib komandalarına mükafatlar təqdim olunub.

 

AzEdu.az-ın məlumatına görə, qaliblərin mükafatlandırma mərasimində çıxış edən “Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova yarış haqqında danışıb: “Yarışın məqsədi karantin şəraitində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, layihə daxilində komandada işləmə bacarığı və proqramlaşdırma bilikləri aşılamaqdan ibarət olub. Daha çox şagirdin iştirakına şərait yaratmaq üçün yarışı ölkənin 8-15 yaş arası bütün ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün əlçatan etdik."


Daha sonra N.Rəhimova “Rəqəmsal Bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verib və layihənin məqsədinin şagirdlərə gələcəkdə faydalı olacaq XXI əsrin əsas bacarıqlarını öyrətmək olduğunu bildirib: “Cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunduğu kimi, təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməlidir. Sürətlə dəyişən texnologiyalarla birlikdə əmək bazarı da dəyişir. Buna görə də kiçik yaşlardan lazımi bilikləri və səriştələri mənimsəmək vacibdir. Bu gün hər hansı bir peşə ən azı ibtidai kompüter biliyi, yaradıcılıq, məntiqi düşüncə və davamlı öyrənmə tələb edir. Buna görə də, artıq məktəb yaşlarından şagirdlərə alqoritm və məntiqi düşüncə, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməyə çalışırıq.”

 

Həmçinin, layihə rəhbəri “Rəqəmsal Bacarıqlar” layihəsinin hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, II-IX siniflər üzrə 120 000-dək şagirdi əhatə etdiyini bildirib. O, qeyd edib ki, layihənin uğurlu nəticələrini nəzərə alaraq, növbəti tədris ilində daha da genişləndirilməsi planlaşdırılır.

 

Ölkə üzrə təxminən 18.000 şagirdin iştirak etdiyi yarışmada 3 komanda qalib gəlib: Bakı şəhəri, 18 nömrəli məktəb - "6ч" komandası;
Anadolu liseyi və Gəncə şəhəri, 4 nömrəli məktəb - "Nizami" komandası və
Bakı şəhəri "Tərəqqi" liseyi - "Xaker" komandası.

 

Şagirdlər yarışda böyük həvəslə iştirak ediblər. Şagirdlər qeyd ediblər ki, bəzi tapşırıqlar asan, bəziləri isə çətin idi. Lakin komanda işi sayəsində onlar qalib olmağı bacardılar: “Kimsə tapşırıqların həllində çətinlik çəkirdisə, “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində qazandığımız biliklər və proqramlaşdırma bacarıqları sayəsində bütün komanda ilə ona kömək edirdik. Biz həmçinin, kvestin animasiyasını və tapşırıqların həllində xəyal gücündən istifadə etməyi çox bəyəndik."

 

Yarışın nəticələrini şərh edən 18 saylı məktəbin informatika müəllimi Natavan Salmanova, şagirdlərin komanda şəklində düzgün fəaliyyət göstərdiklərinə görə qalib gəldiklərini söylədi: “Komanda işinin düzgün qurulması “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində şagirdlərimizə öyrətdiyimiz əsas prinsiplərdən biridir. On dörd ildir ki, dərs deyirəm və hesab edirəm ki, bu layihə, xüsusilə müasir dünyada şagirdlərin XXI əsr bacarıqlarının inkişafı üçün çox vacibdir. Layihənin əsas müsbət tərəfi odur ki, şagirdlər dərs zamanı qazandıqları bilikləri daim tətbiq edirlər."