
19 yaşlı azərbaycanlı tələbə Birləşmiş Krallığın Belfast şəhərində yerləşən dünyanın nüfuzlu universitetlərindən biri olan Queen’s Universitetinin Biologiya və Tibb Elmləri bölməsindən birinci dərəcəli Fəxri Fərmanla məzun olub.
Mədinə Şərifova, təhsil almaq üçün Birləşmiş Krallığa yollandığı zaman cəmi 16 yaşında olub.
AzEdu.az xəbər verir ki, bu barədə Belfastın Queen’s universiteti məlumat verib.
Məluamtda bildirilir ki, gənc yaşda yeni bir ölkəyə köçmək bir qədər qorxulu olsa da, Mədinə bütün bu çətinliklərin öhdəsindən gəlib. O, həm universitet dərslərində yüksək akademik nəticələr göstərib, həm də dərsdən kənar aktivliklərinə görə bir neçə mükafata layiq görülüb.
Mədinə, Biotibbi tələbələri arasında ən yüksək bal toplayaraq “Birinci il beynəlxalq tələbə təqaüdünü” qazanıb və bu imkandan doğru şəkildə yararlanaraq təhsilini birinci dərəcəli Fəxri Fərmanla bitirməyə nail olub.
Mədinə bu təqaüdü qazandığını öyrənəndə çox təəccübləndiyini bildirib:
“Universitetdə dünyanın bir çox ölkələrindən olan tələbələrlə tanış oldum və Belfastın "evdən uzaq evim" olduğunu hiss etdim. Yaxşı yerləşdim və çox çalışdım, amma təhsilimin ilk ilinin sonunda təqaüd qazandığımı eşidəndə çox təəccübləndim. ”
O,təhsili ilə yanaşı başqalarına dəstək olmaq üçün də vaxt tapırdı. Bu yaxınlarda SU Awards-da (Tələbə birliyinin mükafatlandırma mərasimində) "Birlikdə oxu" proqramı adlı könüllü fəaliyyəti ilə mükafat qazandı. Bu proqram, savadlılıq bacarıqlarını inkişaf etdirmələrinə kömək etmək üçün, 7-10 yaşlarında olan uşaqlarla təlim keçmiş Tələbə Mentorları bir araya gətirir.
Mədinə, fəaliyyətləri ilə bu mükafata layiq görülmələrinin onlar üçün həqiqi bir şərəf olduğunu bildirib:
“Bu proqramda iştirak etməyi çox sevirdim. Xüsusi ilə hər həftə uşaqlarla bir araya gələrək onlara hekayələr oxumaqdan zövq alırdım. Əsl mükafat bu kiçik uşaqların həyatında bir dəyişiklik edə bilmək idi və bu ilki mükafat ilə bu fəaliyyətimizə olan bağlılığımıza görə tanınmağımız həqiqi bir şərəfdir.”
Son olaraq Mədinə, məzun olduqdan sonra İngiltərədə bir laboratoriyada işə başlayacağına ümüd etdiyini bildirib.