
Ötən həftə Səhiyyə və Təhsil Nazirliyinin birgə məlumatında müəllimlərin üçüncü doza peyvənd olunmalarının zəruri olduğu bildirilib.
Bununla yanaşı ümumi təhsil müəssisələrində yeniyetmələrin də vaksinasiyaya cəlb olunması prosesi davam edir.
Bəs universitetlərdə çalışan təhsil işçiləri və tələbələr üçün də 3-cü doz zəruri hesab edilə bilərmi?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, təhsil eksperti Aqşin Məmmədov AzEdu.az-a açıqlamasında 3-cü doz peyvəndin vurulma səbəblərinə aydınlıq gətirib:
“Hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranması və virusun yayılmasının qarşısının alınması üçün üçüncü dozasının vurulmasına başlanılıb. Üçüncü doza vaksinin nə qədər önəmli olduğunu göstərən faktlardan biri də İsrail nümunəsində ortaya çıxdı. Belə ki, İsrail əhalisinin 50%-dən çoxu tam vaksinləndiyindən karantin tələbləri yumşaldılmışdı. İyulda qeydə alınan ilk delta variantı bir ayın içərisində infeksiya sayını 4 rəqəmli ədədə çevirdi, daha sonra isə say 10 minə çatdı. Yoluxmanın bu ölçüdə artması İsrail hökumətini 3-cü (buster) doza vaksinlərin vurulmasına istiqamətləndirdi. Hazırda 3-cü mərhələ vaksinasiyanın köməyi ilə İsraildə pandemiya şəraiti yenidən nəzarət altına alınıb. Artıq Türkiyə, Çin, Fransa, Böyük Britaniya, Kanada, ABŞ, İsrail, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya, İsveçrə və digər ölkələrdə 3-cü gücləndirici doza vaksinasiya start verilib”.
Ekspert müəllimlərə 3-cü doza vaksinin vurulmasına aydınlıq gətirərək,virusun yayılma dinamikasından asılı olaraq tələbələr üzrə qərar verilə biləcəyini qeyd edib:
“Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin bu yaxınlarda yaydığı hər iki doza vaksin olunmuş müəllimlərin üçüncü doza ilə peyvəndlənməsinin zəruriliyi haqqında məlumata gəlincə, bu, yuxarıda qeyd etdiyimiz kimi, dünyada koronavirusun daha yoluxucu ştamlarının yayılması və mövsümlə əlaqədar havanın dəyişməsi ilə əlaqədar verilmiş qərardır. Çoxsaylı müəllim kontingentinin sağlamlığının qorunmasına yönəlmiş addımdır. Hələlik yaşı 60-dan yuxarı olanlara tövsiyə edilir. Qarşımızdakı aylarda COVID-19 virusunun (və onun yeni ştamlarının) yayılması dinamikasından asılı olaraq əhalinin digər yaş qrupları (o cümlədən tələbələr) üzrə qərar vermək mümkün olacaq. Hələlik ölkəmizdəki mövcud vəziyyət bu addımın atılmasını zəruri etmir. Yeniyetmələrin vaksinasiyaya cəlb olunması prosesi davam etdirilir. Arzu edək ki, vətəndaş məsuliyyəti ilə panemiya qaydalarına riayət etməklə cəmiyyət olaraq bu xəstəliyin öhdəsindən gələ biləcəyik. Hər bir halda bu vaxta qədərki təcrübədə göstərir ki, COVID-19 virusu əleyhinə tam effektiv vasitə tapılanadək mütəmadi peyvəndlənmə yeganə çıxış yoludur”.
Son olaraq ekspert 3-cü doza peyvəndin kimlərə tövsiyə olunduğuna diqqət çəkərək, hansı vaksinlərdən istifadə olunmasından danışıb:
“Ölkəmizə vaksinasiya “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatında qeyd olunur ki, Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər ("Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V") istifadə oluna bilər”.