
Bu il ali məktəblərə qəbul olan 102 tələbəyə Prezident təqaüdü təyin olunub.
Bu tələbələr arasında qəbul imtahanlarında yüksək nəticə göstərən aztəminatlı ailələrin övladları da yer alır.
Onlardan biri də bu il qəbul imtahanlarında yüksək nəticə göstərərək 670 bal toplayan Cəfər Quliyevdir.
AzEdu.az bu istedadlı gənclə olan müsahibəni təqdim edir:
Əvvəlcə onu tanıyaq... Quliyev Cəfər Qafar oğlu, 2004-cü ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə 311 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2020-ci ildə isə bu məktəbdən məzun olaraq, Bakı Ali Neft Məktəbinə qəbul olub.
-Məktəb illərində dərsləriniz necə idi, necə hazırlaşdınız? Xüsusi sevdiyiniz,yaxud çətin gələn fənlər vardımı?
-Erkən yaşlarımdan təhsilə böyük marağım olduğu üçün bütün fənləri sevərək oxuyurdum. 9-cu sinifdə təhsil alarkən Coğrafiya fənninə böyük marağım yarandı və həmin fənn üzrə "Respublika Fənn Olimpiadasına" qatılaraq finala qədər yüksəldim. Düşünürəm ki, bu təcrübə abituriyentlik dövründə mənə böyük yardımçı oldu.
-Qəbul imtahanlarına necə hazırlaşdınız? Bir az bu müddət haqqında danışardınız...
-Qəbul imtahanına repetitor müəllimləri vasitəsilə hazırlaşmışam və bu yolda müəllimlərim həm maddi, həm də mənəvi mənada mənə böyük dəstək göstəriblər. Mən bütün işləri rejimlə görmək tərəfdarı olmuşam və abituriyentlik müddətində buna çalışdığım qədərilə əməl etmişəm. Əlbəttə ki, yalnız dərs deyil istirahətə və əyləncəyə də vaxt ayırmaq mən deyərdim ki, məcburidir. Əks halda istər-istəməz tələbədə bitkinlik və depressiya artacaq. Və təbii ki, bütün bunları da planlayaraq və rejimə əməl edərək etmək lazımdır.
-Həm orta məktəb illərində, həm də abituriyent dövründə qəbula hazırlaşdığınız müddətdə nə kimi maddi və mənəvi sıxıntılarınız olub? Bu müddətdə kimlər sizə öz dəstəyini göstərib?
-Mən maddi cəhətdən zəngin olmayan bir ailədə böyümüşəm. Hansı ki, atam usta, anam isə evdar xanım olub. Yəni, doğrusunu desəm, bunu özümə çoxda problem etməməyə çalışmışam və əsasən dərslərə köklənmişəm. Özüm soyuqqanlı təbiətə sahib olduğum üçün imtahan stresi və digər neqativ düşüncələrdə olmamışam. Amma bütün çətinliklərimdə, ən kiçik problemlərdə atamın dəstəyini hiss etmişəm. Çox heyif ki, yaxın müddət əvvəl onu itirsəmdə, üzərimdə çəkdiyi əziyyətlərin nəticəsini görməyi mənim üçün tək təsəllidir. Bütün bu yolda mənə dəstək olan başda ailəm olmaqla hamıya bir daha təşəkkür edirəm.
-Ümumilikdə maraqlıdır, prezident təqaüdünü qazanacağınızı gözləyirdiniz? Bu təqaüd sizin ehtiyaclarınızı nə dərəcədə təmin edəcək?
-İmtahana hazırlaşdığım müddətdə Prezident təqaüdü haqqında çox da düşünmürdüm. Yəni əsasən, yüksək bal toplamağı qarşıma məqsəd qoymuşdum, amma əlbəttə ki, təqaüdə layiq görülmək son nəticədə nail olmaq istədiklərimdən biri idi. Hələ ki, Prezident təqaüdünü almasam da fikrimcə, bu dəstək tələbə olaraq mənə böyük kömək olacaq. Ən əsası isə nə qədər çətin olsa da Prezident təqaüdünü sona qədər saxlamaqdır.
-Hazırda birinci kursda təhsil alırsınız. Bəs gələcək üçün nə kimi planlarınız var?
-Özüm hazırda Bakı Ali Neft Məktəbində təhsil alıram və oxuduğum ixtisas universitetimizdə yeni açılan fakültədir. Gələcəkdə əsas məqsədim əvvəlcə təhslimi mükəmməl səviyyədə başa vurmaq və sonra da ixtisasıma uyğun iş taparaq dövlətimə xeyirli vətəndaş olmaqdır.
-Sizin kimi müəyyən maddi və mənəvi çətinliklər çəkmiş, təhsil yolunda uğur qazanmaq üçün çalışan şagird və abituriyentlərə ürək sözləriniz və tövsiyələriniz nələrdir?
-Sonda abituriyentlərə bəzi tövsiyələr vermək istəyirəm. Mən özüm də sizin kimi abituriyent olmuşam və mənə də "görürsən filankəs neçə bal yığıb?! Sən də elə olmalısan" kimi təzyiqlər olunub. Mən də ətrafda yüksək nəticə göstərən tələbələr gördükdə "görəsən elə ola bilərəm?" deyə düşünmüşəm. Amma hazırda bunu deyə bilərəm ki, bunların hər biri sizin özünüzün əlindədir, sadəcə sizə ən uyğun olan yolu seçin və dahada irəli getmək üçün gücünüz çatdığı qədər çalışın. Ətrafdakıların sizə nə deməsindən asılı olmayaraq ən doğru yol öz məqsədin üçün çalışdığın yoldur. Hərşey yaxşı olacaq!