Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 11:51:00
Müəllim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi haqqında yazdı

“Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər onunla mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram.” Ulu öndər Heydər Əliyev

 

 Hər bir xalqın müqəddəratında müdrik və cəsarətli rəhbərin rolu böyükdür. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi. Hələ sovet dönəmində ölkəmizə rəhbərlik etdiyi 1969–1982-ci illərdə azərbaycançılıq ideologiyasını əsas milli-siyasi ideologiyaya çevirməyə nail olan unudulmaz dahi şəxsiyyət totalitar rejimin sərt tələblərinə baxmayaraq, Azərbaycanda güclü sosial ədaləti və demokratik düşüncə tərzini bərqərar etmiş, özəl bir uzaqgörənliklə bizi gələcək müstəqillik dövrünə hazırlamışdır.

 

Heydər Əliyev Azərbaycanın sosial, mədəni və iqtisadi cəhətdən lazımi səviyyədə inkişaf edə bilməyəcəyi fikrini mərkəzə sırımağa çalışanların qarşısını həm də ölkədə güclü iqtisadiyyat yaratmaqla kəsmişdi. Respublikaya rəhbərlik etdiyi müddətdə Azərbaycan 12 dəfə keçici bayraq almış, çoxlu sayda zavod və fabrikin inşasına nail olmuşdur. Respublikada hərtərəfli inkişaf etmiş sosial-istisadi infrastruktur yaranmışdı. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər bütün sahələrdə tərəqqi və milli kimliyimizin dirçəldilməsi dövrü kimi Azərbaycanın dövlətçilik tarixində parlaq bir mərhələni təşkil etmişdir.

 

Əgər 1969-cu ilin iyul plenumuna qədər Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş ittifaqda geridə qalmış respublikalardan biri idisə, artıq 1980-ci illərin əvvəllərində Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik bacarıqları sayəsində Azərbaycan bir çox parametrlərdə ön sıralarda dayanan respublikaya çevrilmişdir.

 

Ulu Öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını yaratmışdır. Həmin dövrdə formalaşdırılmış güclü potensial müstəqillik dövründə Azərbaycanın dirçəlişində mühüm baza rolunu oynamışdır.

 

Heydər Əliyev yeganə siyasi xadimdir ki, iki böyük tarixi-siyasi epoxada və keçid dövründə Ümummilli Lider statusuna yüksələ bilmişdir. Keçmiş sovet hakimiyyət mərhələsində də, müstəqillik dövründə də Heydər Əliyev təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat etmişdir.

 

Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir əsrdə ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin dövrdə ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi və düşmənin respublikamızın ərazi bütövlüyünə davamlı təcavüzü bütövlükdə xalqımızı “ölüm-qalım” faktı qarşısında qoymuşdu. Məhz belə çətin məqamda tale ikinci dəfə Heydər Əliyevə lider-xilaskar rolunu həyata keçirmək üçün imkan yaratmışdır. Xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq xilaskar lider missiyasını həyata keçirmişdir.

 

Heydər Əliyev qısa müddətdə bu çətin tarixi mərhələdə də siyasi liderliklə ümummili liderliyin və dövlət rəhbərliyi ilə ümummilli maraqların sintezini yarada bilən şəxsiyyət olduğunu sübut etmişdir. O, əvvəlcə Ermənistanın işğalçılıq siyasətini atəşkəs diplomatiyası ilə dayandırmışdır. Sonra daxili sabitlik təmin edilmişdir. Paralel olaraq Heydər Əliyev elə bir geosiyasi gediş etmişdir ki, ən böyük rəqiblər belə çaşbaş qalmışdır.. Azərbaycanın zəngin təbii sərvətlərindən dövlət müstəqilliyinin möhkəmlənməsi üçün istifadə olunması və əhalinin sosial rifah halının yüksəlməsi məqsədilə yeni neft strategiyasının əsasını qoymuşdur. 1994-cü il sentyabrın 20-də Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında "Əsrin müqaviləsi”nin imzalanması xalqımızın təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnun təmin edilməsində böyük tarixi hadisə oldu. Müqavilə çərçivəsində regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsinə başlanması Azərbaycanın dünya birliyində nüfuzunu artırdı. 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istifadəyə verildi, 1999-cu ildə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı. "Əsrin müqaviləsi” ölkəmizlə Qərb dövlətləri və beynəlxalq maliyyə qurumları arasındakı münasibətləri möhkəmləndirmişdir.

 

Tarix sübut edir ki, xalqların və dövlətlərin üzləşdiyi fəlakətlərin aradan qaldırılmasında şəxsiyyətlərin qətiyyəti, prinsipiallığı, tutduqları mövqe və xarizması böyük əhəmiyyətə malikdir. 1991-1993-cü illərdə Azərbaycanın üzləşdiyi dərin siyasi böhran, anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız qətiyyətli, iradəli siyasi lider xalqın başının üstünü almış bütün təhlükələri aradan qaldıra, hələ kövrək olan müstəqilliyimizi yaşada bilər. , Ümummilli Lider Heydər Əliyev dövlətçilik tarixi baxımından çox qısa bir zamanda Azərbaycanı böyük bəlalardan, müstəqilliyini itirməkdən və bir dövlət olaraq yox olmaq təhlükəsindən xilas etmiş, Azərbaycanın müstəqilliyinin reallaşması və möhkəmlənməsinə, iqtisadiyyatının yenidən qurulması və dirçəlməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artması və mövqelərinin möhkəmlənməsinə nail olmuşdur.

 

Əlbəttə, hər bir ölkənin inkişafının təməlində dayanan birinci şərt sabitlik amilidir. Azərbaycanda 1993- cü ildə Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən təmin olunmuş və sonrakı mərhələlərdə daha da möhkəmlənmiş sabitlik, vətəndaş həmrəyliyi, xalq və iqtidar birliyi 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın dinamik inkişafının əsasını təşkil etmişdir. Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və müasir düşüncə əsasında yaradan, dövlət quruculuğu prosesini uğurla həyata keçirərək tarixi-siyasi ənənələri bərpa edən strateq və görkəmli dövlət xadimi kimi hər zaman böyük rəğbət, ehtiram və minnətdarlıqla xatırlanacaqdır.

 

“Xalqın,vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” Heydər Əliyev

 

Xalqın taleyi hər bir insanın taleyine çevrilməlidir deyən ulu öndər Heydər Əliyev,xalq üçün doğuldu öz mənafeyini,öz taleyini xalqın taleyinə qurban verdi,xalq üçün yaşadı!

 

Gülnar Heydərova

 

Xalid Quliyev adına 62 məktəb liseyin Tarix müəllimi