Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 15:00:00
Məktəblərdə baş verən xoşagəlməz hadisələr məqsədli şəkildə yayılır?- Problemin SƏBƏBLƏRİ

 “Məsələ ondadır ki, təhsil qurumlarında idarəetmə ilə bağlı çox ciddi problemlər var”

 

Son zamanlar təhsil müəssisələrində müşahidə olunan xoşagəlməz hallar gündəmin əsas mövzularından birinə çevirilib.

 

Bu kimi halların getdikcə sayının artması və daha çox yayılması, əvvəllər də belə halların olduğunu, ancaq bu qədər gündəmdə olmamasını əsas gətirən cəmiyyətin bir qismində  hadisələrin məqsədli şəkildə daha sürətlə yayılma ehtimalı ilə bağlı müəyyən suallar doğurur.

 

Bəs bu mümkündürmü? Məktəb mühitində müəllim-şagird münasibətlərində qeydə alınan xoşagəlməz halların geniş vüsət alması və gündəmdə qalmasında hər hansı səbəb ola bilərmi?

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında bu kimi halların geniş vüsət almasının səbəblərinə toxunub.

 

Ekspert məsələnin məqsədli şəkildə gündəmə gətirildiyini düşünmədiyini bildirib:

 

“Əvvəllər də tək-tək hallarda belə hadisələr müşahidə olunurdu, amma belə indiki kimi kütləvi deyildi. Bununla yanaşı nəzərə alaq ki, əvvəllər sosial şəbəkə də yox idi. Sosial şəbəkənin geniş istifadə olunduğu bir dövrdə ictimailəşməməsi üçün bu kimi halların sayını azaltmaq, minimuma endirmək, yaxud da birdəfəlik qarşısını almaq lazımdır”.

 

 

Ekspert bu istiqamətdə ciddi problemlərin olduğunu qeyd edərək, əsas səbəblərinə diqqət çəkib:

 

“Məsələ ondadır ki, təhsil qurumlarında idarəetmə ilə bağlı çox ciddi problemlər var. Son illərdə təhsil ilə əlaqəsi olmayan, yaxud da heç bir təcrübəsi olmayan insanların təhsilin idarəetmə strukturlarına gətirilməsi öz nəticəsini göstərməkdədir. Yəni bu günki hadisələr nəticədir, səbəb deyil. Bu kimi hallarda hər hansı bir məqsədin olduğunu düşünmürəm. Sadəcə ortada olan problemlər təhsilin idarə edilmə forması, ailələrdə olan tərbiyə sistemi kimi mövzulardan qaynaqlanır. Eyni zamanda burada uşaqların sosial şəbəkədə tanınmaq, belə desək, “ulduz” olmaq istəyi də problemin qaynaqlarından biridir”.

 

Son olaraq o, -“ Ümumilikdə tərbiyə sistemin ümumu təhsil məktəblərində nə qədər qüsurlu olduğu ortaya çıxır”-deyə vurğulayıb.