
Son zamanlar təhsil müəssisələrində müəllim və şagirdlər arasında bir çox xoşagəlməz hadisələr baş verir. Bunlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
AzEdu.az məsələ ilə bağlı bir sıra şəxslərin fikirlərini öyrənib.
Sabiq deputat Fərəc Quliyev baş verənlərlə bağlı fikirlərini bildirib:
“Hazırda təhsildə baş verən hadisələr kütləvi xarakter almayıb. Bu, mütləq şəkildə hər yerdə tətbiq olunan üsula çevrilməyib. Baş verən bəzi məsələlər ictimaiyyət tərəfindən qınanılır və xoş qarşılanmır. Təhsillə bağlı qanun və etik kodekslər var. Həmçinin, idarəetmə sistemində normalar olur ki, onlara əməl etmək lazımdır. Təhsil sahəsində islahatların keçirilməsi vacibdir. Cəmiyyətin bütün təbəqələrinin məktəbə dəstək verməsi olduqca əhəmiyyətlidir. Məktəb yalnız tədris yeri deyil, həm də tərbiyə məkanıdır. İkisi də olmalıdır, lakin məktəb daha çox tədris yeridir. Tərbiyə məsələsində məktəb müəyyən qədər rol oynasa da, buna daha çox ailə və uşaqların kontakda olduğu mühit də təsir edir. Cəmiyyət bu məsələlərdə fərqli davranmalıdır. İctimai qınaq olmalıdır, lakin bir-iki hadisəyə görə bunu totallaşdırmaq doğru deyil. Müəyyən qədər islahatlar getməli və hadisələr aradan qaldırılmalıdır. Bunun üçün müəllim və şagirdlərin münasibətində fərqli yanaşma ortalığa qoymaq lazımdır. Bunun təhsil keyfiyyətinə təsir etməsini bilmək üçün daha çox pedaqoji üsullar düşünülməlidir. Lakin bir neçə hadisəyə görə müəllimlərin üzərinə getmək düzgün deyil”.
Millət vəkili Kamilə Əliyeva müəllimlərin cəmiyyətdə böyük nüfuz sahibi olduğunu vurğulayıb:
“Müəllim şərəfli peşədir, o müqəddəs varlıqdır. Uşaqların şəxsiyyət olaraq formalaşmasında təhsil işçilərinin əvəssiz xidmətləri var. Çünki onlar öz həyatlarını xalqın gələcəyinə həsr edirlər. Bu peşə məsuliyyət tələb edir. Çünki gələcək nəslin tərbiyə edilməsində həlledici rol oynayır. Ulu Öndər deyib ki, müəllim yeganə şəxsiyyətdir ki. cəmiyyət öz gələcəyini, yəni uşaqlarınm tərbiyəsini yalnız ona etibar edir. Nəzərə alsaq ki, o, gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini və ən əsası isə illərin zəhmətini şagirdlərə paylaşır, o, ən yüksək ad və hörmətə layiqdir. Ona görə də müəllimin üzərinə bu qədər getməyək. Hansısa sosial şəbəkə hesablarında yerləşdirilən videoları əsas götürərək müəllimi alçatmayaq, obyektiv olaraq, şiddət və tənbehi bir-biri ilə qarışdırmayaq. Bir çoxumuzu etdiyimiz hərəkətlərə görə evdə valideynlərimiz tənbeh edib, yaxud da qulağımızı dartıb. Müəllim də hər bir şagirdə öz övladı kimi yanaşır. Lazım gəldikdə isə onu səhv hərəkətinə görə tənbeh də edə bilər. Bu şiddət deyil. Valideynlərimizin də vəzifələrindən biri odur ki, övladlarında müəllimə qarşı sevgi və hörmət aşılamağı öyrətsinlər. Eləcə də müəllim davranış, geyim, əxlaqı, həmçinin bilik və savadı ilə nümunə olmalıdır. Son günlər müəllim-şagird münasibətlərini bu cür mənfi yöndə şişirtməyi düzgün hesab etmirəm”.