
“Şagirdin damarlarını kəsməsi görüntüsü həqiqət deyil”.
Bunu AzEdu.az-a açıqlamasında Ucar Metodiki Mərkəzin müdiri Tağı Nəbiyev deyib.
Belə ki, Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.
Hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.
Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib.
N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Tağı Nəbiyev məsələnin həqiqəti əks etdirmədiyini söyləyib:
“Məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılıb. Məlum olub ki, şagirdlər arasında dava olub, lakin onlardan birinin intihara cəhd etməsi və damarlarını kəsməsi faktı təsdiq olunmayıb.
Məsələnin kökündə ailə münaqişəsi dayanır. Çox təəssüflər olsun ki, bu hadisə məktəbə daşınıb. Döyüldüyünü iddia edən tərəfin anası məktəbdə çalışır, məsələ onun tərəfindən böhtan xarakterli söylənilib. Bununla bağlı araşdırma aparılıb. İki ailənin anaları arasında gedən çəkişmə təhsilə də yansıyıb.
Valideynlərdən biri məktəbdə çalışır, o, məsələni mətbuatda işıqlandırmaqla müəyyən məqsədlərə nail olmaq istəyir, burada digər valideynin imicinə zərbə vurmaq kimi hal da ehtimal edilir. Şagirdə heç bir xəsarət dəyməyib.
Biz onların hər ikisi ilə psixoloq da söhbət aparıb. Şagirdlər 8-ci sinifə qədər bir yerdə oxuyublar. Aralarında heç bir problem olmayıb, onların psixoloji vəziyyətləri də normaldır.
Mətbuatda yayılan intihar görüntüsü yalandır, bununla bağlı heç bir fakt aşkarlanmayıb. Məsələ yalnız böhtan xarakteri daşıyır. Məktəb tərəfindən onlardan izahat alınıb. Məsələ sadəcə mətbuatdan istifadə etməklə hadisəni şişirdib digər valideynin ictimai nüfuzuna zərbə vurmaqdır. Şagirdin damarlarını kəsdiyi görüntüləri həqiqət deyil”.