
Elektron hökumətin inkişafı, maliyyə, neft və kənd təsərrüfatı sektorlarında kompüterlə idarəolunan sistemlərin tətbiqi və ümumilikdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarına artan maraq kibercinayətlər və onlarla mübarizə mövzularını aktuallaşdırdı. Son illərdə ölkəmizdə kibercinayətkarlıqla mübarizə istiqamətində aparılan işlər geniş vüsət almışdır.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə 2019-cu il 6 dekabr tarixində ölkədə “Kibertəhlükəsizlik” təlim layihəsinə start verilmişdir. Layihənin əsas məqsədi əmək bazarında tələb olunan kibertəhlükəsizlik mütəxəssislərinin qısa müddət ərzində hazırlanaraq iş həyatına başlaması, həmçinin ölkə üzrə kibertəhlükəsizlik mütəxəssisləri icmasının formalaşması və şəbəkələşməsinə töhfə verməkdən ibarətdir.
Layihədə iştirak etmək üçün ciddi rəqabət müşahidə olunan seçim mərhələsində iştirakçılar üçün əsas iki tələb qoyulmuşdur- onlardan biri yüksək səviyyədə ingilis dili biliklərinə sahib olmaq, digəri isə informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil alma prosesində olmaqdır. Bu günədək layihədə iştirak etmək üçün 594 nəfər müraciət etmiş, onlardan 12 müxtəlif ali təhsil müəssisəsini təmsil edən 100 tələbə iki mərhələli (imtahan və müsahibə) seçim prosesindən uğurla keçərək təlimlərdə iştirak etmişlər. Artıq tələbələrin 60 nəfəri təlimi uğurla başa vurmuşdur, 40 nəfər isə təlimlərdə iştirakını davam etdirir. Təlimlərin keçirilməsi üçün Təhsil Texnologiyaları Mərkəzində 21 işçi yerindən ibarət kompüter laboratoriyası qurulmuş, müvafiq proqram təminatı ilə təchiz edilmiş, virtual laboratoriyalar yaradılmış və ixtisaslaşmış platformalardan istifadə hüquqi təmin edilmişdir. Təlimlər Böyük Britaniyada təhsil alıb və orada çalışan mütəxəssislər tərəfindən verilir. Təlimlər qrup şəklində bir qrupda 20 tələbə olmaqla təşkil edilir. Hər bir qrup üçün təlim müddəti 6 ay olaraq müəyyən edilmişdir. Təlimlər 1 ay intensiv şəkildə, növbəti 5 ay müddətində isə tələbələr müxtəlif onlayn laboratoriyalarda verilmiş tapşırıqları yerinə yetirirlər. İntensiv təlim zamanı tələbələrə “Kibertəhlükəsizliyə giriş”, “İnsidentlərin idarə olunmasə və cavab tədbirləri”, “Nüfuzetmə testləri”, “Veb aplikasiyaların təhlükəsizliyi” modulları tədris olunur. Təlimin sonunda tələbələr qrup layihəsi təqdim edirlər. Bu günədək tələbələr 13 layihə təqdim ediblər.
Tələbələr həmçinin fərdi uğurlara da imza atıblar. İlk məzunlarımızdan olan Hüseyn Qəmbərov “World Skills Asia 2021” yarışmasında ölkəmizi təmsil edib və “Məlumat sızmasının qarşısının alınması” kateqoriyasında ən yaxşı nəticə göstərərək Azərbaycanın adını 3-cü yerə qaldırıb. Bundan başqa məzunlarımızın 60% ölkənin müxtəlif strukturlarında kibertəhlükəsizlik sahəsində çalışaraq, kibertəhlükəsizliyin möhkəmlənməsinə tövhə verirlər. Layihə ölkədə kibertəhlükəsizlik məkanının gücləndirilməsini qarşısına məqsəd qoyaraq öz fəaliyyətini davam etdirir.