
Ukraynanın Elm və Təhsil naziri “Avropanın Ukraynadakı müharibəyə təhsil sahəsində koordinasiyalı və həmrəy reaksiyası” adlı videokonfrans formatında keçirilən iclasda Avropa İttifaqı Şurasının Təhsil nazirləri qarşısında çıxış edib.
AzEdu.az xəbər verir ki, nazir çıxışında Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə diqqət çəkərək nəticədə bağçaların, məktəblərin, kollec və universitetlərin atəşə tutulduğunu bildirib.
S.Şkarlet bu günə kimi ümumilikdə 400-ə yaxın təhsil müəssisəsinin zədələndiyini,yaxud dağıdıldığını açıqlayıb. Nazir, tədris prosesinin davam etdirilməsi üçün müxtəlif dərs formatlarından istifadə edildiyini və xüsusi platformaların yaradıldığını qeyd edib.
O, Ukrayna ümumi orta təhsil sistemini özündə birləşdirən, həm ölkədə olan, həm də qonşu ölkələrə təxliyə edilən məktəblilərin tədrisinin davam etdirilməsi üçün “Ümumi Ukrayna onlayn məktəbi” platformasının 120-dən çox ölkədə uğurlu fəaliyyəti haqqında məlumat verib.
Nazir çıxışında bu onlayn platformanın dəstəklənməsini və inkişaf etdirilməsini, həmçinin müxtəlif mövzularda yeni materiallarla, o cümlədən müharibədə olan uşaqlara psixoloji dəstək vermək üçün xüsusi qrantların ayrılmasını xahiş edib.
Şkarlet həmçinin Ukraynalı təhsilalanların təxliyə olunduğu ölkələrin nazirlərinə müraciət edərək öz xahişini dilə gətirib:
“Fürsətdən istifadə edərək həmkarlarından təhsilalanlarımıza harada olurlarsa olsunlar, Ukrayna dilini və Ukraynanın tarixini öyrənmək imkanı yaratmağı xahiş edirəm. Bu bizim mədəniyyətimiz və vətənə qayıtmaq, yeni Ukrayna qurmaq üçün öz ana dilini və tarixini öyrənmək imkanına malik vətəndaşlarımızın arzusudur. Eyni zamanda, uşaqların, şagirdlərin, tələbələrin təhsil ehtiyaclarını operativ şəkildə dəstəkləmək və təmin etməklə bağlı atılan addımlar vacib əhəmiyyətə malikdir. Bu istiqamətdə Ukraynada təhsil və elmi məsələlərin həllini koordinasiya edəcək Avropa İttifaqının təhsil nazirləri üçün dəstək qrupunun yaradılması ideyasını səmimiyyətlə alqışlayıram”.
O, həmçinin Ukraynada təhsil və elmi infrastrukturun bərpası və gələcək fəaliyyəti üçün Avropa İttifaqı ölkələri arasında ayrıca proqram və ya fondun yaradılması məsələsinə baxmağı xahiş edib.