
Məktəbli oğlanların forması yay və qış geyimlərindən ibarətdir. Oğlanlar üçün yay forması üçdüyməli qısaqol köynək və şalvar, qış forması üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket olacaq.
AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarında öz əksini tapıb.
Qərara əsasən oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60 faiz, poliester 40 faiz) iplikdən toxunulan parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır. Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100 faiz pambıq) polo tipli tikilir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir. Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100 faiz pambıq) orta qalın toxunma parçadan tikilir. Köynəyin forması polo tiplidir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir. Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50 faiz, akril 50 faiz) tərkibli qalın toxunma parçadan tikilir. Jaket birbortludur, bort zəncirbəndlə açılıbbağlanılır, arxası bütövdür. Kəsmə yan cibi, yaxalığı, ətəyi və qol manjetləri ikiqat toxunuşludur.
Xatırladaq ki, Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Qərara əsasən hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.