
Azərbaycan Maarifçilər Assosasiyası ilə AzEdu Təhsil Portalı arasında media tərəfdaşlığına dair razılaşma əldə olunub.
Assosiasiyanın həmtəsisçisi Tofiq Sadıxov AzEdu.az-a açıqlamasında tərəfdaşlıq çərçivəsində görüləcək ümumi işlər haqqında məlumat verib:
“Azərbaycan Maarifçilər Assosasiyasının həyata keçiridiyi təlim, seminar və tədbirlər haqqında davamlı olaraq AzEdu Təhsil Portalında məlumatlar işıqlandırılacaq. Bununla yanaşı “Maarifçi xəbərləri” başlığı altında üzvlərimizin məktəblərində keçirilən tədbirləri və yazıları da yayımlanacaq. Müəllimlərin təhsil sahəsində etdikləri araşdırmalar, sorğular, yeniliklər haqqında məlumatlara da yer veriləcək”.
Həmtəsisçi bu istiqamətdə müəllimlər və şagirdlər üçün nəzərdə tutulan layihələri də diqqətə çatdırıb:
“Həmçinin müəllimlərin və onların şagirdlərinin tanıdılması istiqamətində iki layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar tərəfdaşlıq çərçivəsində məlumatları işıqlandırılacaq “Mən bir müəlliməm”, “Mən bir istedadam” adlı layihələrdir. İlk layihədə müəllimlərin fəaliyyəti, ikincidə isə istedadlı şagirdlər haqqında məlumatlar davamlı olaraq işıqlandırılacaq”.