
Mən susuram, lakin “Etibar Əliyev ensiklopediyada olan boşluqları haqlı olaraq dilə gətirib”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Gedişat onu göstərir ki, daha çox elmi-maarifçi ensiklopedik meyarlara deyil, intriqaya yol verilən müsahibədə nüfuzlu qurumun öz sanbalına da xələl gətirir.
Jurnalistlərə hər hansı mövzu ilə bağlı əlçatmaz olan nüfuzlu simalar, ciddi qurum rəhbərləri zaman-zaman Mətbuat Şurasının “qara siyahı”sında yer alan media orqanlarında görünməsi birmənalı qarşılanmır. Hətta bundan sonra həmin qurumun fəaliyyətinin o qədər də ürəkaçan olmadığını düşünənlər də var. AME Elmi Mərkəzinin rəhbəri T. Nağıyrvin “Təzadlar” müsahibəsini də bu qəbildən adlandırmaq olar.
Məlumat üçün qeyd edək ki, millət vəkili Etibar Əliyevin özünün şəxsi feysbuk hesabında Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev və onun “Təzadlar” qəzetinə verdiyi müsahibə ilə bağlı yazdığı status media gündəminə düşüb.
E.Əliyev həmçinin, jurnalistlərə müraciət edərək, onunla Ensiklopediya rəhbərliyinin debatının təşkilini xahiş edib:
“Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev reket jurnalist, məşhur böhtançı, həbsdə olan Rasim Məmmədovun ortağı Asif Mərziliyə verdiyi müsahibəsində mənim Milli Ensiklopediya ilə bağlı iradlarımı böhtan adlandıraraq, haqqımda yaşına uyğun olmayan tərbiyəsiz ifadələr işlədib.
Görsənir ki, Mərzili səviyyəsizlik virusunu bu ağsaqqala da keçirib. Mərzili qafalı Tofiq Nağıyev deyir ki, guya mən onlarla görüşdən qaçıram. Sizdən xahişim: Mənim Tofiq Nağıyev başda olmaqla Ensiklopediyanın rəhbərliyi ilə debatımı təşkil etməyinizi Sizdən xahiş edirəm. Onlara Ensiklopediya savadsızlığını izah etmək mənə nəsib olacaq”.
Deputat bugün yazdığı statusda isə məsələnin digər tərəfdən neqativ çalarına diqqət çəkib. Deputat akademik Tofiq Nağıyevin ensiklopediya kimi ciddi mövzunun ciddi media qurumundan deyil, öz təbirincə desək, “reket mətbuat”ı seçməsində qınayıb. O, həmçinin, depat təklifinin hələ də cavabsız qaldığını bildirib:
“Ölkədə elmi dərəcə və elmi adları verən qurumun rəhbəri (Ali Attestasiya Komissiyası) Famil Mustafayev və Azərbaycam Milli Ensiklopediyasının Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev Milli Ensiklopediyada yol verdikləri nöqsanları ört-basdır etmək üçün məşhur reket və böhtançı "jurnalist" Asif Mərziliyə üz tutdular. Tutulan iradlara nüfuzlu mətbuat orqanlarında cavab vermək əvəzinə reket mətbuatı seçdilər. Azərbaycan elminin gerçək durumu budur. Famil Mustafayevi səviyyə baxımından qınamaq olmaz, çünki Mərzili ilə eyni qafada olan adamdır. Ancaq bu cütlük öz oyunlarına ağsaqqal akademik Tofiq Nağıyevi də qatdılar. Artıq bir neçə gündür ki, Ensiklopediyada yol verilən bağışlanmaz qüsurların çözülməsi üçün Ensiklopediya rəhbərliyini debata dəvət etmişəm. Hələlik qarşı tərəfdən səs-səmir yoxdur...”
Şahlar Əsgərov məsələ ilə bağlı fikirlərində Etibar Əliyevi haqlı hesab edib:
“Hamı bilir ki, Azərbaycan ensiklopediyası bərbad gündədir. Mən susuram, lakin Etibar Əliyev bunu haqlı olaraq dilə gətirir. Onun heç bir günahı yoxdur. Ensiklopediya elə bir nəşrdir ki, xaricə səfər zamanı qalaq-qalaq kitab aparmaqdansa, onu götürmək daha sərfəlidir. Bu baxımdan, o, dəyərli olmalıdır. Ensiklopediyada olan məqalələr tərcümə olunmamalı, dəyərsiz insanlar tərəfindən yazılar yer almamalıdır. Hər sahənin əsas siması öz məqaləsini bu nəşrdə yazmalıdır. Məsələn, fizika, biologiya və digər sahələrdə sözünü demiş insanlar burada yazılar çap etdirməlidir. Şəxslər həmin kitabın ərsəyə gəlməsi zamanı 3-5 manat gəlir var deyə, öz qohumlarını prosesə cəlb edərək məqalə yazdırmamalıdır. Çünki onlar ensiklopediyanı pis günə qoyurlar. Bu həqiqətləri kim görərək tənqid edirsə, düz yoldadır. Çünki bu tənqiddə ümumxalq mənafeyi daha yüksəkdir.
Hər kəs öz tərbiyəsinə uyğun dili var. Ensiklopediya tənqid olunmağa layiqdi. Çünki o, Qurani-Kərim və tarix kitablarından sonra üçüncü yerdə gəlir. Hamı istəyər ki, bu kitab gözəl olsun”.