Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-14 10:15:00
Qarabağ məktəbləri: işğaldan geriyə qalanlar və Böyük Qayıdışa doğru

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər böyükdür. Düşmən tapdağında olan torpaqlarımızda yüzlərlə tarixi-mədəni abidələrimiz dağıdılıb, sosial-iqtisadi obyektlər məhv edilib və bütün sahələrdə Azərbaycana ciddi ziyan dəyib. Xüsusilə, təhsil müəssisələrinin, məktəblərin, ali təhsil müəssisələrinin Qarabağdakı filiallarının yerlə-yeksan edilməsi erməni vandalizminin ağır nəticələri kimi təəssüf doğurur. Təkcə Füzuli rayonunda işğaldan öncə mövcud olan 100-ə qədər orta təhsil və texniki peşə məktəbinin əksəriyyəti məhv edilib. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlıda inşa olunmuş və yaşı 100 ildən böyük olan ilk dünyəvi məktəb ermənilər tərəfindən dağıdılıb.

 

Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları dağıdılıb. 

 

 

Ermənilər tərəfindən xarabalığa çevrilən Şuşa Realnı məktəbi hər kəsə məlumdur. Ən qədim təhsil ocaqlarından hesab edilən Realnı məktəbinin əsası 1881-ci ildə qoyulub. Tarixi qədim, əhəmiyyəti böyük olan təhsil müəssisəsi dövrünün nümunəvi maarif ocağı sayılırdı.

 

1993-cü il iyulun 23-də işğal edilən Ağdam şəhərində Musiqi, Kənd təsərrüfatı, Kənd Təsərrüfatı Mexanikləşdirmə və Elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat orta məktəbi, iki Peşə məktəbi, həmçinin, Şahmat, Uşaq, Gənclər və İdman, Ekoloji Tərbiyə və Təcrübəçilik, Tibb məktəbləri, Texniki Yaradıcılıq və Gənclər Yaradıcılıq mərkəzləri fəaliyyət göstərirdi. Həmin təhsil obyektlərinin binaları da ermənilər tərəfindən yerlə yeksan edilmişdi. 27 illik işğal müddətində Ağdamda daşı daş üstündə qoymayan düşmən şəhəri və onun ətrafındakı kəndləri tamamilə xarabalığa çevirib.

 

 

Ermənistanın işğal etdiyi Laçın rayonunda bütün Qarabağda olduğu kimi vandalizm və talançılıq siyasəti həyata keçirilib. Yerlə yeksan edilən tarixi-mədəni obyektlərlə bərabər rayonda işğal dövrünə qədər fəaliyyət göstərən 102 ümumtəhsil məktəbi də vandalizmin qurbanı olub. Laçın Rayon Təhsil Şöbəsinin məlumatına görə, sakinlərin ölkənin müxtəlif bölgələrində məskunlaşması nəticəsində, Laçın məktəblərindən 40-nın fəaliyyəti dayandırılıb, 62 məktəb isə məcburi köçkün əhalinin kompakt məskunlaşdıqları yerlərdə fəaliyyətini davam etdirib, sonrakı illərdə əhalinin yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq şagird kontingenti azaldığı üçün bu məktəblərdən 13-ü bağlanıb.

 

Düşmən tapdağındakı digər ərazilərimiz kimi Qubadlı rayonu ermənilərin vəhşiliklərindən əziyyət çəkib. İşğaldan əvvəl 61 ümumi təhsil məktəbi olan Qubadlıda 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərib. Bununla bərabər, Uşaq-gənclər idman məktəbi, Uşaq şahmat məktəbi,  həmçinin, Uşaq və yeniyetmələrin yaradıcılıq, Texniki yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzləri, Texniki Peşə məktəbi də fəaliyyət göstərirdi. Erməni vandalları Qubadlı şəhərini və kəndlərini yandırıb, tarixi-mədəni abidələri məhv edib, təhsil ocaqlarının binalarını yerlə-yeksan ediblər.

 

Təcavüzkar dövlətin əməlləri Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarından da yan keçməyib. Adıçəkilən bölgələrimizin təhsil müəssisələri viran qoyulub.

 

Ermənilərin ən çox dağıntılara məruz qoyduğu ərazilərdən olan Xocavənd rayonunun 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbi məhv edilib. Laçın rayonunun 130 yaşlı B.M.Məmmədov adına Minkənd tam orta məktəbi, Akademik M.Mehdizadə adına 145 il öncə əsası qoyulmuş Cəbrayıl şəhər tam orta məktəbi, 140 yaşlı Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbi, yaradılmasından 190 ildən çox vaxt keçmiş, Azərbaycanın ilk qəza məktəbi sayılan Şuşanın tarixi 1 nömrəli orta məktəbi və s. əhəmiyyətli təhsil müəssisələri ermənilər tərəfindən amansızca məhv edilib.

 

 

Azərbaycan tarixindən bircə iz belə saxlamamağa and içmiş ermənilər torpaqlarımızda yaradılmış köklü təhsil infrastrukturunu məhv edib, tarixi əhəmiyyətli orta və ali təhsil müəssisələrinin binalarını viran qoyublar. Vandalizmin pik həddində siyasət həyata keçirən Ermənistan torpaqlarımızdakı milyonlarla tarixi kitab nümunələrini, kitabxana və elmi müəssisələri, nadir materialları və nümunələri, muzeyləri və arxeoloji əhəmiyyətli obyektləri də darmadağın edib.

 

Əlyazmalar İnstitutunun doktorantı, Mərkəzi Elmi Kitabxananın Biblioqrafiya şöbəsinin “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmova “Qarabağda mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaranması tarixi və onların Ermənistan dövləti tərəfindən məhv edilməsi” adlı məruzəsində arxiv və kitabxanaların məhv edilməsinin erməni vəhşiliyinin əsasını təşkil etdiyini qeyd edib.

 

T.Rüstəmovanın araşdırmalarına görə, erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan edilib. Həmçinin, 6-sı memarlıq, 7-si arxeoloji olmaqla 13 dünya əhəmiyyətli abidə, bununla bərabər, 119 memarlıq və 173 arxeoloji əhəmiyyətli olmaqla ölkə üçün vacib 292 müəssisə dağıdılıb. Müəllif araşdırmasında 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələrinin işğal zonasında qaldığını vurğulayıb.

 

Bütün bu statistik məlumatlar erməni vandalizminin, Azərbaycanın Qarabağ bölgəsində yaratdığı təhsil infrastrukturuna qarşı törədilən vəhşiliyin sadəcə bir hissəsidir. Vətən Müharibəsində qazanılmış qələbədən sonra Müzəffər Ali Baş Komandanın diqqəti və tapşırığı ilə azad edilmiş ərazilərimizdə bütün sahələrdə bərpa, yenidənqurma işlərinə başlanıldı. Qarabağa Böyük Qayıdış üçün bütün proseslər yüksək səviyyədə davam etdirilir, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri uğurla icra olunur.

 

 

Qarabağda həyata keçirilən infrastruktur layihələrinin başında məhz təhsil müəssisələrinin yenidən qurulması, məktəblərin və ali təhsil ocaqlarının bərpası dayanır. Düşmənin məhv etdiyi tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə tam cavab verəcək, Azərbaycan təhsilinə əhəmiyyətli töhfə vəd edən təhsil ocaqlarının tikintisi planlaşdırılır.

 

Bununla bağlı danışan təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində qeyd etdi ki, Qarabağda icra olunan layihələr öz-özlüyündə elmi araşdırmalar, innovasiyalar tələb edir. Nazir xüsusilə, ali məktəblərin azad edilmiş ərazilərimizdə gələcək fəaliyyətinə toxunaraq söyləyib ki, Qarabağda elmi tədqiqatların aparılması ali məktəblərin qarşısında da yeni imkanlar açır:

 

 

“Çünki hər dəfə müzakirələrimizdə universitetlərdə elmin nisbətən zəif inkişaf etməsində elmi layihələrdə sifarişlərin az olması ilə əlaqələndiririk. İnandığım ondan ibarətdir ki, həmin ərazilərdə sadalanan layihələrin icrası və ya planlaşdırılması elmi tədqiqatlar üçün böyük sifarişdir. Bu sifarişləri düzgün nizamlasaq layihələrin səmərəli və keyfiyyətlilik əmsalı artmış olar. Qarabağın bərpası yəqin ki, növbəti 15-20 il üçün ölkə iqtisadiyyatı, təhsili və digər sahələrin ən böyük uğur hekayəsi olacaq. İşin icrasında dövlət başçısına can sağlığı arzu edirəm. Təhsil ictimaiyyəti oaraq bu uğur hekayəsinin bir hissəsi olmaqdan böyük qurur duyuruq".

 

Sabiq deputat, tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov Modern.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun yenidən qurulması ilə bərabər, orada kitabxana və elmi institutların fəaliyyətinə də xüsusi diqqət etmək lazımdır:

 

 

“Artıq işğaldan azad edilmiş Qarabağımızda təhsil müəssisələrinin yaradılmasına başlanılıb. Məlumdur ki, ermənilər ərazilərimizdə 30 ilə yaxın müddətdə bütün təhsil infrastrukturunu darmadağın ediblər. Bizim məktəblərimizdən əsər əlamət belə qalmayıb. Ali təhsil ocaqlarının vaxtilə yaradılmış filialları, orta-ixtisas təhsili müəssisələri, peşə məktəbləri erməni vandalizminin qurbanı olub. Hesab edirəm ki, ilkin mərhələdə Qarabağda orta ümumi təhsil müəssisələrinin, bununla belə peşə məktəblərinin, orta-ixtisas təhsili müəssisələrinin yaradılması daha məqsədəuyğundur. Ali məktəblərin filialları isə Qarabağda infrastrukturun tam bərpası, vətəndaşlarımızın ora tam qayıdışı ilə mümkün ola bilər. Bu zaman ali məktəb tələbələri elmi materialların tapılması, araşdırmaların hazırlanması, kitabxanaların, kitab bazalarının artırılması üçün əziyyət çəkməzlər”.

 

Şahlar Əsgərov hesab edir ki, hərbi təhsil verən əhəmiyyətli ali təhsil ocaqlarının, kənd təsərrüfatı və s. sahələrlə bağlı ixtisaslaşmış ali məktəblərin filialları tezliklə Qarabağda yaradıla bilər:

 

“Bu, Qarabağın yenidən qurulmasına, orada elmi tədqiqatların genişləndirilməsinə, təhsilin yenidən dirçəlməsinə mühüm töhfə olacaq. İstənilən halda ermənilərin məhv etdiyi təhsil infrastrukturunu Qarabağda daha mükəmməl şəkildə yeniləyəcəyik”.  

 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Yazının məzmunu “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.