
Azərbaycan alimləri indiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunmuş ciddi tədqiqatlar aparıblar. Bu araşdırmaların bəzilərinin nəticəsi bir neçə ay bundan əvvəl çap olunan “Həqiqətin onomastikası” adlı kitabda təqdim olunub.
Kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Əsərdə Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlaq toponimlərinin tarixi və izahı verilib. "Həqiqətin onomastikası"nda göstərilən bütün məqamlar faktlarla əsaslandırılıb.
“Həqiqətin onomastikası” kitabının ideya müəllifi akademik Kamal Abdulla, müəllifləri - filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır. Kitab Bakı Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə tərtib edilib.
Müəlliflər qeyd edirlər ki, müxtəlif toponimlərin, hidronimlərin, oronimlərin adlandırılması həmin ərazidə yaşayan xalqların tarixi, mədəniyyəti, dünyagörüşü, gündəlik yaşam tərzi, dini inancları ilə əlaqədardır.
“Bu gün Ermənistan respublikası adlanan dövləti ərazisi tarixi Azərbaycan torpaqlarının bir hissəsini əhatə edir. Məlumdur ki, hər hansı etno-mədəni arealda coğrafi onomastika qatının formalaşması uzun sürən prosesdir. Yer-yurd adları orada yaşayan xalqlar tərəfindən formalaşdırılır. Tədricən isə folklorda və tarixi ədəbiyyatlarda öz əksini tapır. Müəyyən ərazi və buradakı köklü əhali ilə bağıl oykonimlər (yaşayış məntəqələrinin, şəhər və kəndlərin, yaylaq və qışlaqların və s. adları), antrotoponimlər (şəxs adlarından törəmiş coğrafi adlar), hidronimlər (çayların, nohur və göllərin, şəlalələrin adları) və oronimlər (dağ, dərə, təpə, aşırım adları) orada yaşayan xalqların tarixini, mədəniyyətini və etnoqrafiyasını özündə aydın əks etdirir. Bu adlar eyni zamanda həmin ərazinin coğrafi mövqeyi, relyefi, orada baş vermiş tarixi hadisələr, miqrasiya prosesləri və s. ilə də səsləşir.
Xalqlar və tayfaların şüuru, təfəkkürü həmin adqoymada öz əksini tapıb. Bu baxımdan Onomastika elminin tədqiqinə verilən töhfə həm coğrafi, həm də tarixi cəhətdən çox əhəmiyyətlidir.
Uzun illərdir ki, Ermənistan Azərbaycan mənşəli toponimlərin saxtalaşdırılması ilə məşğul olub. Bu, erməni vandalizminin bariz nümunəsidir. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər rayonunda çıxışı zamanı bu məqama toxunub: "İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün..."
"Coğrafi adlar - etnik tarixin yaddaşı"
"Coğrafi adlar - etnik tarixin yaddaşı" adlı ön sözdə kitabın müəllifləri - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa "Həqiqətin onomastikası"nın ana xətti barədə geniş izah veriblər. Bu tarixi faktlara əsaslanan müqəddimədə ermənilərin 200 illik müddətdə törətdikləri, yer adlarının saxtalaşdırılması ilə bağlı mühüm məqamlar öz əksini tapıb. Qeyd olunub ki, coğrafi adlar mahiyyət etibarilə hər hansı bir ərazidə etnosun tarixən mövcud olmasına dair təkzibolunmaz sübutların, onun tarix və mədəniyyətinə, inancına, yaşam tərzinə dair məlumatların daşıyıcısıdır. Yunan dilində “ad qoymaq”, “adlandırmaq” anlamını verən onomastika və onun coğrafi adlarla bağlı olan sahələri bu gün həm dilçilik, həm də coğrafiya elmlərinin bir istiqaməti çərçivəsindən kənara çıxaraq sosial, siyasi sahələrə, hətta dövlətlərarası, xalqlararası münasibətlərə də nüfuz edə, bir çox hallarda çirkin əllərdə ideoloji silaha, ictimai şüurun manipulyasiya vasitəsinə çevrilə bilmişdir.
Bu reallıq Ermənistan Respublikasının azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə aksiyalarında və kulturosid siyasətində azərbaycanlılara aid tarixi yer adlarının kütləvi şəkildə dəyişdirilməsində, maddi mədəni izlərin silinməsində və mənimsənilməsində özünü daha qabarıq göstərməkdədir.
Qədim xəritələrdə əks olunan həqiqət
Kitabda 3 xəritə əyani şəkildə göstərilib: Birinci xəritədə Qafqazın 1903-cü ildəki coğrafi vəziyyətinin bir hissəsini əks etdirilib. İkinci xəritədə Ermənistanda yerləşən Azərbaycan toponimləri, üçüncü xəritədə isə Azərbaycan hidronimləri oxuculara təqdim olunub. Ensiklopedik lüğətin xəritələr vasitəsilə əyani izahı oxucuda qaranlıq qalan bütün məqamları aydınlaşdırır. Xəritələrdə müvafiq olaraq Azərbaycan mənşəli adlar və onların dəyişdirilmiş versiyası göstərilib. Məsələn, Göyçə gölünün adı orijinalda olduğu kimi qeyd olunub, aşağıdan isə, ermənilərin dəyişdirdiyi versiya - Sevan gölü yazılıb. Kitabdakı lüğətlərdə bu toponimin tarixi daha geniş versiyada izah olunub.
Kitabın son səhifələrində "Ermənistan respublikası" adlandırılan tarixi Azərbaycan ərazilərinin vaxtilə kimlər tərəfindən hansı illərdə idarə olunduğu da göstərilib.
Bu kitab Azərbaycanın taleyüklü ideoloji məsələlərindən birini əhatə edir. Ermənistanda saxtalaşdırılmış yer adlarının bu şəkildə Azərbaycan ictimaiyyətinə təqdim edilməsi son dərəcə mühüm hadisədir.
"Həqiqətin onomastikası" kitabının qısa zamanda ingilis, fransız və rus dillərində nəşri nəzərdə tutulub. Kitabın gələcəkdə koreya, yapon, İndoneziya, alman və başqa dillərə tərcüməsi də planlaşdırılır.
Ümumilikdə, Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri də davam etdirilir. Kitabın yeni nəşrində saxtalaşdırılmış bu cür adların sayı artırılacaq, yeni xəritələr yer alacaq. “Həqiqətin onomastikası” kitabının elektron versiyasını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin veb səhifəsindən əldə etmək mümkündür.
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir