Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-09 15:25:00
Nadir İsrafilov: “9 may - Qələbə günü faşist gülləsinə tuş gələn əmimlə bu gün də fəxr edirəm...”

 

 

Bu qələbə bəzilərinin düşündüyü kimi rusun qələbəsi deyildi, başqa xalqların nümayəndələri ilə birlikdə, həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişi idi.

 

 

Hər dəfə  Ümummilli liderimiz Heydər Əliyevin - «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi…» -  sətirlərini oxuyanda, yadıma uşaqlıq illərindən görmədiyim müharibə ilə bağlı xatirələrim düşür.

 

Mən o müharibəni görməmişəm. Əlbəttə “Böyük Vətən müharibəsi”ni nəzərdə tututuram. Heç atam da o müharibəni görməyib, çünki gənc idi, Bayılda “20-ıy posyolok” deyilən ərazidə neft mədənlərində işləyirdi. Neftçiləri hərbi xidmətə cəlb etmirdilər, arxa cəbhə sayılırdı. Heft o zaman qələbə üçün hər şey demək idi. Müharibə başa çatdıqdan xeyli sonra Badamdar qəsəbəsində neftçilər üçün taxtadan quraşdırılmış “finski barak” deyilən iki yanaşı yataqxanalarin birində, böyüdük, ərsəyə yetdik...

 Neçə illər keçməsinə baxmayaraq, hər “9 may” gələndə, sanki, özümü müharibə iştirakçısı kimi zənn edirəm. Çünki böyük əmilərim, dayılarım ön cəbhələrdə vuruşub, onlardan qayıdanlar da olub, qayitmayanlar da. Müharibənin bütün keşmə-keşlərini onlardan eşitmişəm.

 

Böyük əmim Quba rayonunun Hərbi komissarlığında II çast adlanan sahə üzrə hərbi mükəlləfiyyət işlərinə baxırdı. 1941- ci ilin iyununda müharibə başlayan vaxt könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi. Xahişi təmin olunmadı. Nəhayət, israrlı və davamlı təkidlərindən sonra onu cəbhəyə göndərdilər. Baş leytenant idi. Berlinə qədər ağır və əzablı yol keçdi. Son məktubunda ona kapitan rütbəsi verilməsi və tezliklə qaydacağını bildirirdi. Verilən rəsmi xəbərlərə görə Reyxstaqın üzərinə bayraq sancılmış, müharibə qələbə ilə başa çatmışdı. Ancaq, qayıdanlar qayıtdı, o qayitmadı.

 

Aradan 20 il keçdi. Günlərin birində atamı Rayon partiya komitəsinə çağırdılar, onun Çexoslavakiya Sosialist Respublikasına dəvət olunması ilə bağlı rəsmi məktubla tanış etdilər. Biz hələ uşaq idik, orta məktəbin orta siniflərində oxuyurduq, nəyin nə olduğunu başa düşmürdük. Sən demə, mayın 8-də Berlin alındıqdan sonra, Almaniyanın hamılıqla və qeyri-şərtsiz tərkisilah olunması barədə müqavilə imzalanmasına baxmyaraq, Çexoslavakiyada bir korpus baş qaldırıb, müqavimət göstərməkdə davam edib. Ali Hərbi komandanlığın göstərişinə əsasən Berlindəki qarnizonlardan bir neçəsi həmin qiyamı yatırmaq üçün Praqaya yeridilib. Əmim də həmin qarnizonların birində olub və mayın 9-da faşist gülləsinə tuş gəlib.

 

Müharibə başa çatdıqdan və Çexoslavakiya faşizm istibdadından tam azad olunduqdan sonra “Qırmızı ləpirşilər” adlı bir qrup Praqanın azad olunması yolunda canlarından keçənlər barədə materiallar toplamağa başlamış, xilaskarları onlar üçün ayrılmış xüsusi məzarlıqda dəfn etmiş və onların qohum-əqrabalarını axtarıb tapmaq işləri ilə məşğul olmuşlar. Atama göndərilən məktub da bu axtarışlardan birinin nəticəsi idi ki, o da 20 ildən sonra olsa da doğma qardaşının üzünü görməsə də heç olmasa məzarını belə görə bildi.

 

Bir ara “9 may”a biganə münasibət bəsləyəndə, hətta 9 may bayramını ləğv etmək fikrinə düşəndə belə nəzərə almadıq ki, bu müharibə "Böyük Vətən müharibəsi" idi, Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə “Böyük Vətənin” kiçik bir parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi. Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.

 

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu haqsızlıq aradan götürüldü, ədalət bərpa olundu. Onun veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il müharibə veteranları ilə görüşür yeni göstərişlər verir, qərarlar qəbul edir.

 

Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “9 May - bizim ümumi Böyük Qələbə günümüzdür. Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir.”