Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 14:49:00
Türkdilli təhsilə maraq ARTIB - Anadolu liseyinin şagird tutumu niyə artırılmır?

Son zamanlar Azərbaycan türk dilində təhsilə maraq və diqqət artmaqdadır. Əksər ailələr övladlarını türkdilli məktəblərə, liseylərə göndərməyin tərəfdarıdır.

 

Bakıda fəaliyyət göstərən türkdilli məktəblər sırasında ən çox diqqət mərkəzində olan isə Bakı Türk Anadolu liseyidir. Hər il liseyə yüzlərlə valideyn və şagird müraciət etsə də, təhsil müəssisəsindən “yox” cavabı alırlar. Bunun səbəbi kimi liseyin şagird tutumunun aşağı olması, əhatə dairəsinin genişləndirilməməsi göstərilir.

 

Bəs maraqlıdır, bu qədər tələbat olmasına rəğmən, Anadolu liseyinin şagird tutumu niyə artırılmır? Məşhur təhsil müəssisəsinin genişlənməsinə əngəl nədir?

 

Bununla bağlı Modern.az-a danışan Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Təhsil üzrə müşaviri Nihat Büyükbaş qeyd edib ki, Anadolu liseyi Azərbaycanda yaşayan türk vətəndaşlarının uşaqlarının təhsil alması üçün nəzərdə tutulub.

 

 

N.Büyükbaşın sözlərinə görə, buna bənzər məktəblər başqa ölkələrdə də fəaliyyət göstərir:

 

“Hazırda Anadolu liseyinin 2500 şagirdi var. Bu o deməkdir ki, nəzərdə olan tutumu aşıb. Biz hər il məktəbəqədər hazırlığa  80 şagird ala bilirik. Amma hər il 135-140 şagird müraciət edir. Onlar arasında seçim edirik. Birinci sinfə qəbulu da seçim vasitəsilə edirik”.

 

Anadolu liseyinə marağın artmasına gəlincə, N. Büyükbaş Azərbaycan vətəndaşlarının övladlarını öz məktəblərinə göndərə biləcəyini deyib:

 

“Biz eyni dili danışırıq, Azərbaycan vətəndaşları övladlarını Azərbaycan məktəblərinə göndərə bilirlər. Türkiyə vətəndaşları da uşaqlarını həm Anadolu liseyinə, həm Azərbaycan məktəblərinə qoya bilərlər. Bu məsələdə problem yoxdur. Anadolu liseyinin regionlarda filiallarının açılmasına gəlincə isə buna ehtiyac yoxdur. Həm də bu ikili anlaşmalarla razılaşdırılmalı məsələdir”.  

 

Mövzu ilə əlaqədar Modern.az-a danışan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə Anadolu liseyinin şagird tutumunun artırılması, liseyin böyüməsinin tərəfdarıdır:

 

 

“Hər keçən gün Azərbaycanda rusdilli məktəblərin sayı artır. Cəmi 2-3 türk məktəbi, lisey var, onların da sayı artırılmalıdır. Anadolu liseyi yüksək səviyyədə təhsil verir, məzunlarının çoxu yüksək ballarla ali məktəblərə qəbul olunurlar. Orada oxumaq pulsuzdur, dövlətə bağlı olduğu üçün təhsil də ödənişsizdir. Bu, Azərbaycan şagirdləri üçün çox önəmli məsələdir. Hər kəs uşağını özəl məktəblərdə oxutdura bilmir. Amma belə məktəblərin çox olmasının Azərbaycana xeyri var ki, zərəri yoxdur.

 

Bir fikir formalaşıb ki, rusdilli məktəblər guya Azərbaycan məktəblərindən daha yaxşı təhsil verir. Belə deyil. Ana dilində təhsil verən məktəblər arasında çox yaxşıları var, məktəblərimizdə də təhsil keyfiyyətlidir. Sadəcə insanlar hansısa səbəbdən rusdilli məktəblərə meyl edirlər. Belə situasiyada türk dilində təhsil verən məktəblərin sayının artması, böyüməsi problem olmayacaq. Övladlarımızın Azərbaycan xalqına illərlə düşmənçilik etmiş və düşmənlərini müdafiə etmiş xalqların dilində təhsil almağındansa, soy-kökümüzə bağlı türk dilində təhsil alması daha yaxşıdır. Məncə, rus dilində də, türk dilində də məktəblər olsun, amma bunlara diqqət, onların böyüməsinə şərait yaradılmasında ayrı-seçkilik salınmasın. Anadolu liseyinin regionlarda da filialları olsa, daha çox şagirdin istəyinə uyğun türk dilində dildə təhsil alması mümkünləşər”.

 

Modern.az