
“Mərkəzləşmiş formada olan sertifikasiya imtahanı hazırkı şəraitdə mümkün variantların içində ən yaxşısı kimi görünür”
AzEdu.az xəbər verir ki, bunu təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.
Mütəxəssis sertifikasiyanın əsas vəzifələrini nəzərə çatdırıb:
“Sertifikasiya peşə sahiblərinin peşə standartlarına cavab verib-vermədiyini yoxlama, onları peşəkar inkişafa təşviq etmə, peşəyə yeni qoşulacaqları öz üzərlərində işləməyə sövq etmə və bunun hansı formada həyata keçirmə məsələsini izah etmə vəzifələri daşıyır. Sertifikasiya aparıldıqdan sonra sertifikasiyanı keçməyənlərə bir il də şans verildikdən sonra yenə keçməzsə işdən atıla bilər qeyd olunmuşdu. Niyə atıla bilər deyilmişdi? Çünkü belə bir ehtimal da var ki, bəlkə çox hissə keçməyəcək sertifikasiyanı. Düşünmürəm ki, elə olacaq. Amma hər ehtimala qarşı belə açıqlama verildi”.
O, proseslə bağlı narahatlıqlara diqqət çəkərək, bunun əsas səbəblərinə aydınlıq gətirib:
“Sertifikasiya etmədən müəllimlərin peşəkar inkişafına köklənilsə olmazmı? Olar! Amma yenə də öyrənməyə müqavimət göstərən kadrlar sistemin içində xalqın övladlarına zərər verməyə, onları öyrətməməyə davam edəcək. Sertifikasiya həm də bu tip kadrlardan sistemi təmizləyəcək. Bəs insanlar niyə narahatdır? Hamımız hansısa bir dəyişikliyə əvvəlcə müqavimət göstərməyə meyilli oluruq. Bu bizim təbiətimizdir. Sonra zehnimizlə düşünürük. Əgər hər şey bizə aydındırsa və tələblərə cavab veririksə rahatlaşırıq. Ancaq özünə inam problemi, o cümlədən ixtisas biliyi, ya da pedaqoji bilik azlığı varsa onda başlayırıq narahat olmağa. Sertifikasiyadan kəsilmək və mənə verilən bir il müddətində yenidən hazırlaşmaq stresini təsəvvür etmək elə də çətin deyil. Hər bir imtahan bərabərində stres gətirir. Ən optimal yol heç zaman imtahan deyil. Ən optimal yol deyəsən direktorun öz müəllimini monitorinq etməsi, nöqsanları müəyyən edərək onu təlimlərlə inkişaf etdirməsi, əgər alınmırsa yolları ayırmasıdır. Mərkəzləşmiş formada olan sertifikasiya imtahanı isə hazırkı şəraitdə mümkün variantların içində ən yaxşısı kimi görünür”.
Mütəxəssis sertifikasiyaya hazırlıq və müsahibə mərhələsinin detallarından da danışıb:
“Sertifikasiyadan sonra maaşlar, dərs yükləri, peşəkar karyera pillələrində inkişaf bu ballar nəzərə alınaraq aparılmalıdır. Yeri gəlmişkən, prosesə dərs müşahidələri də əlavə oluna bilər. Müsahibə işə götürənin işçisini görməsi nə qədər normaldırsa, o qədər normal bir prosesdir. İşə götürən növbəti 5 il üçün işçilərini görmək istəyir. Sertifikasiyaya hazırlaşılmalıdır. Fənn kitablarımızı oxumaqla, tapşırıqlar,çıxmış sualları həll etməklə, çərçivə sənədlərini öyrənməklə, vebinarlara, baxmaqla. Bunu tək başına edə bilərsinizmi? Əlbəttə, bu çox asanlıqla mümkündür. Siz bunun öhdəsindən rahatlıqla gələ bilərsiniz”.