
Bir daha peşə təhsil haqqında
Məlumdur ki, dünyada sosial, mədəni, iqtisadi, ekoloji və texnoloji dəyişikliklər baş verir. İqtisadiyyatın inkişafı ilə əlaqədar əmək bazarlarında tələbatlar ildən-ilə artır, işçilər arasında artan bacarıq boşluqları müşahidə edilir. IV sənaye inqilabının dünyanı tarixdə heç olmadığı sürətlə dəyişdiyi bir dövrdəyik. Bu inqilab bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar planlaşdırıb tətbiq etməyi tələb edir.Texnologiya sahəsində baş verən irəliləyişlər özləri ilə bərabər yeni peşələr gətirir və yeni iş imkanları yaradır.Yeni peşələr, qismən və ya tamamilə köhnə peşələrin yerini almaqdadır. Həm köhnə, həm də yeni peşələrdə lazım olan bacarıqlar bir çox iş sahələrini də dəyişir, insanları necə və harada işləyəcəyi zərurəti qarşısında qoyur. Bütün bunlara rəğmən bu gün yeni peşələri təyin edib, bu peşələrə görə də yeni təhsil proqramları hazırlayıb və tətbiq etmək zərurəti yaranır.
Peşə təhsili sisteminin quruluşuna edilən dəyişikliyə əsasən peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, həm də tam orta təhsil almaq hüququ verilir. Əlavə olaraq, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.
Sözügedən dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müəyyən edilmiş qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır. Yəni, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir. Bundan əlavə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Digər vacib məsələ subbakalavr peşə-ixtisas dərəcəsi yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi olaraq təsbit edildiyindən, bu səviyyə üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
Ən başlıcası isə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur. Belə bir dərəcənin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir.
Ümumiyyətlə götürdükdə isə bütün bu dəyişikliklər bir sıra amillərlə şərtlənir və bunların reallaşması ilk növbədə peşə təhsilinin zamanın tələbinə çevrilməsi ilə əlaqədar olub, daha çox stimullaşdırıcı xarakter daşıyır. Digər tərəfdən peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması imtiyazları verilir ki, bu da onların digər subbakalavrlarla bərabər hüquqa malik olmasının təminatı deməkdir.
Ən başlıcası isə bunu ali təhsilin hamı üçün əlçatan olması kursunun reallaşdırılmasında yeni mərhələ kimi qiymətləndirmək olar. Ümid edək ki, dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququnun da verilməsi eyni zamanda kadr hazırlığının keyfiyyətinin daha da yaxşılaşıdırılmasına nəzərəçarpacaq təsirini göstərəcək.
O ki, qaldı peşə təhsili müəssisələrində çoxsaylı ixtisasların olmasına, burada müxtəlif proqramlar üzrə kadr hazırlığının həyata keçirilməsinə, həmin proqramların hamısının subbakalavr üçün qoyulan tələbləri ödəyib-ödəməyəcəyinə, peşə təhsili səviyyəsində ali məktəblərə keçid imkanı verən ixtisaslar necə müəyyənləşdirilməsinə, tələbələrin bunu necə seçəcəyinə və digər yarana biləcək suallara – bu və digər bu kimi problemlərin yaranacağı istisna olunmur və bu zamana və gedişata bağlı məsələdir. Bircə qalır, peşə təhsil müəssisələrində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi.