
İyulun 4-8-də bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursu təşkil ediləcək.
Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, təlim “Bir” Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək. Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarətdir.
Təlim proqramında iştirak etmək arzusunda olan şəxslər iyunun 26-dək qeydiyyatdan keçə bilərlər.
Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən tədqiqat metodları və təhlil, layihə təkliflərinin hazırlanması, layihənin hədəf aldığı problem və onun əsaslandırılmasının (problem tree) tərtibi məsələləri, “Məntiqi Çərçivə Matriksi”nin (LogFrame) hazırlanması, layihənin “həyat dövrü” və layihə menecmentinin əsasları, layihə təklifinin inkişafı, o cümlədən kommunikasiya və layihə barədə məlumatlandırma (visibility) strategiyaları, habelə monitorinq və qiymətləndirmə, hesabatların hazırlanması, humanitar, sosial və təhsil istiqamətli layihələr üçün mövcud maliyyə imkanları, resurslar və alətlər, yerli və beynəlxalq fandreyzinq (maliyyələşmə) imkanlarının artırılması mövzuları üzrə seminarlar təşkil olunacaq.
Həmçinin proqram çərçivəsində təşkil ediləcək “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə edəcəklər. Təlim proqramını uğurla bitirən iştirakçılar layihə idarəetməsi qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər. Təlim proqramı haqqında ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Qeyd edək ki, təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunur.