Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-18 16:27:00
Paytaxt məktəblərində tədris prosesinin idarə olunmasında uğurlu addımlar atılıb

2021-2022-ci tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 2021-2022-ci tədris ilində 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib. İlkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib. Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub. Tədris ilində ümumi təhsil müəssisələrinin idarəedilməsinin optimallaşdırılması baxımından təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli yaradılıb. Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayacaq. Hesabat forması paytaxtın bütün ümumi təhsil müəssisələrinə təqdim olunub. 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 571 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində 2 550 nəfər işə qəbul olunub. Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında ixtisaslı kadrlar dəvət edilib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin 2021-2022-ci dərs ili üçün onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2021-2022-ci tədris ilində 113 nəfər direktor müavini təyin olunub. Onlardan 84 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub.

 

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini 220 nəfər müvəffəqiyyətlə başa vurub.

2021-2022-ci tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib. Belə ki, qurumun tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib. Ümumilikdə 11 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib. İki ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub. Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin orta aylıq əmək haqqı 2021-2022-ci tədris ilində 778 manat təşkil edib.

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminar-görüşlər keçirilib. Seminarlarda məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 2021-2022-ci tədris ilində paytaxtın 60 məktəbində aparılan inspeksiyaların nəticələri əsasında hazırlanmış hesabatlar meyarlar üzrə təhlil edilib, tezislər hazırlanıb. Hesabatlar müvafiq məktəblərə göndərilib.

2021-2022-ci tədris ili pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi təhsilə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi səciyyələndirilə bilər.