
Ötən gün dünyasını dəyişən “Yeşilçam” ulduzu, türk kinosunun əfsanəsi Cüneyt Arkın illər öncə Azərbaycanın Zaqatala rayonunda qonaq olub. Bir neçə kolxozu, məktəbləri gəzən məşhur aktyor sadə zaqatalalıların evinə gedib, vətəndaşlarla görüşüb. Bu unudulmaz görüşün təəssüratları hələ də onu görən insanlarda xoş xatirələr oyadır.
Cüneyt Arkının Zaqatalaya səfəri 1991-ci ildə baş tutmuşdu. Azərbaycan Sovet Respublikasının dəvəti ilə Türkiyə Kino Birliyinin bir qrup nümayəndəsi Azərbaycana təşrif buyurmuşdu. Qonaqlar arasında Türkan Şoray da olmalıydı. Lakin o hansısa səbəbdən gələ bilməyib.
AzEdu.az xəbər verir ki, görüşü xatırlayan rayon sakinləri təəssüratlarını lent.az-la bölüşüblər. Onlardan biri də Nahidə İbrahimli olub. O tanınmış aktyorun Zaqataladakı bir məktəbdə şagirdlərlə görüşünüdən maraqlı xatirəni danışıb.
“Şıxəli Qurbanov adına 3 saylı məktəbə gəlmişdi. Həmin sinifdə oxuyurdum, türkcə suallar verdi, o zaman biz türk dilini indiki kimi anlamırdıq, uşaqlar başa düşmədilər. Soruşdu ki, “nasılsınız?” Elə bildik “hansı sinifsiniz?” soruşur, dedik 8-ci sinif. O da çaşqılıqla baxdı. Müəllim də tez düzəliş etmək istədi, amma yanlış tərcümə elədi. “Uşaqlar, nasılsınız- haralısınız” deməkdi. Uşaqlar xorla “azərbaycanlıyıq” cavabını verdilər. Bu anlaşılmazlıq böyük aktyor tərəfindən təbəssümlə qarşılandı”.