Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 17:28:00
“Fənn olimpiadalarının qaliblərinə Prezident təqaüdü verilməlidir”-Osman Gündüz

 

"Prezident hər il qəbul imtahanlarından sonra ən yüksək bal toplayanlara Prezident təqaüdü təyin edir. Hazırda mövcud qaydalara görə hər il ixtisas qrupları üzrə yüksək bal toplayan 102 abituriyentə 250 manat məbləğində Prezident təqaüdü təyin olunur. Maraqlıdır ki, bu qaydalar yalnız konkret ixtisaslar üzrə yüksək nəticə göstərənlərə şamil olunur. Amma beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə bu qayda tətbiq edilmir”.  

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

 

O, fənn olimpiadalarının qaliblərinə Prezident təqaüdünün verilməli olduğunu bildirib:

 

“Beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu nəzərdə tutulsa da, Prezident təqaüdünün verilməsi nəzərdə tutulmur. Düşünürəm ki, bu, doğru olmayan, ədalətsiz bir yanaşmadır. Əgər bu təqaüd dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təyin olunursa, onda elə ilk növbədə beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə şamil olunması doğru və məntiqli olardı. Yəni, əgər məktəbli hansısa fənn üzrə olimpiada qalibi olubsa bu o mənaya gəlir ki, onun bu fənn üzrə bilik səviyyəsi imtahandan 700 bal toplayandan da yüksəkdir”.

 

Prezident, olimpiada qaliblərinə dövlət dəstəyinin davam etdirilməsinin daha uyğun olduğunu nəzərə çatdırıb:

 

“Xatırladıram ki, hazırda ölkəmizdə olimpiadalara hazırlıqla bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi mərkəzlər formalaşdırılıb. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunur. Bildiyim qədərilə indiyədək məktəblilərimiz tərəfindən 500-dən çox qızıl, gümüş və bürünc medal ölkəmizə gətirilib. Fikrimcə, indiki anda bu tip şəxslərə dövlət dəstəyini davam etdirmək daha məntiqli və milli maraqlarımıza uyğun olardı”.

 

“Ümid edirəm səlahiyyətli qurumlar bu məsələni diqqətdə saxlayacaq və növbəti mərhələdə beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri də Prezident təqaüdü ala biləcəklər”-deyə, o qeyd edib.