
Bəzi hallarda tələbələr universitetlərdə tətbiq edilən apellyasiya sistemi ilə bağlı narazılıqlarını bildirirlər.
Bu, da ali məktəblərin apellyasiya sisteminin yenidən təşkilini məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı AzEdu.az-a danışan UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev apellyasiya sisteminin bəzən tələbələr tərəfindən yanlış anlanılmasını və buna uyğun olaraq problemlərin baş verdiyini vurğulayıb:
“Ölkəmizdə tətbiq olunan apellyasiya sisteminin məntiqi daha aydın şəkildə başa düşülməlidir. Prosesin tam mahiyyəti insanlar tərəfindən anlaşılmalıdır.
Apelyasiya, o demək deyil ki, tələbənin qiyməti qaldırılacaq. Burada əsas məsələ tələbənin işinə yenidən baxılmasıdır. Bu zaman verilən qiymətdə azalma və artma halları müşahidə edilə bilər. Həmçinin, nəticədə heç bir dəyişikliyin əldə olunmamasına rast gəlmək mümkündür.
Əgər tələbə əmindirsə, apellyasiya onun qiymətini azaltmayacaq, işinə yenidən baxılmasını tələb edə bilər. Bəzən müəllim tələbəyə 10 üzərindən 8 verir. O, da deyir ki, mən 9 istəyirəm, belə hallar apellyasiyanın məzmununun mənasızlaşmasına gətirib çıxarır. Çünki tələbə də bilir ki, bu, səhv yanaşmadır. Sadəcə o apellyasiyaya verir ki, bəlkə müəllim onun qiymətini artırar. Bu, da apellyasiyaya müraciət edənlər arasında ciddi artımın olmasına şərait yaradır. Həmin zamanlar reallıqdan uzaq vəziyyət yaşanır. Tələbə ilk olaraq anlamalıdır ki, müəllim aşağı qiymət yazıb. Bəzən də tələbə müəllimdən narazılıq edir və 3-cü şəxsin prosesi yoxlamasını istəyir. Apellyasiya tələbənin balını artırmağa yönəlmir, o, yalnız nəticəni nəzərdən keçirir. Burada azalma olmalıdır ki, apellyasiya real vəziyyəti əks etdirsin. Apellyasiyanın böyük qismi həqiqətən ciddi daxili ehtiyacı olan müraciətlər olmalıdır. O zaman müəllimlərin də vaxtı olacaq ki, həmin suallara baxa bilsin, konkret olaraq səhv və ona uyğun nəticə əldə etsin.
Tələbə sayı çox olduqda müəllimlər də başdansovdu edirlər. Məsələyə tələbəyönümlü baxmaq lazım deyil, ona hərtərəfli baxmaq vacibdir. Müəllimlərin də vaxtı azdır, onların da motivasiyası olmur. Apelyasiyada az bala görə müəllimləri cəzalandırmaqdan söhbət gedə bilməz. Buna çox ciddi baxmaq lazımdır”.