
Cəlilabad rayonunda icra olunan Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalib layihəsi olan “Rəqəmsal aqronomlar” şagird düşərgəsi layihəsi çərçivəsində payız düşərgəsi təşkil olunmuşdur. Layihədə iştirak edən şagirdlər üçün nəzərdə tutulmuş düşərgə məktəblilərin payız tətili dövründə 4 gün ardıcıl şəkildə baş tutmuşdur.
AzEdu.az xəbər verir ki, layihə rəhbəri Elçin Abbasovun rəhbərliyi ilə baş tutan düşərgədə şagirdlər Lənkəran şəhəri, 7 nömrəli tam orta məktəbdə yerləşən STEAM mərkəzinə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya etmişlər. Peşə məktəbində layihə iştirakçıları mərkəzin “Bitkiçilik” qrupu ilə birgə mərkəzi gəzmiş, görülən işlər barədə söhbət aparmışlar. Mərkəzin direktoru Etibar Sadıqov layihə rəhbəri Elçin Abbasovla və düşərgə iştirakçıları ilə görüşmüş, mərkəzin fəaliyyəti haqqında məlumat vermişdir. Elçin Abbasov da layihə çərçivəsində aparılan işlər, düşərgə proqramı haqqında məlumat vermişdir.
Eləcə də Lənkəran STEAM mərkəzində olarkən düşərgə iştirakçılarına təlimçilər tərəfindən təqdimatlar edilmiş, mərkəzdəki kabinetlərlə tanış olunmuş, iştirakçılar komandalara ayrılaraq dron yarışları etmişlər. Növbəti günlər layihə iştirakçları Lənkəran, Masallı, Cəlilabad rayonu ərazsindəki iri kartof, üzümçülük, çiyələk əkin sahələrinə, çay plantasiyasına ekskursiya etmişlər. Şagirdlər fermerlərlə, həmin sahələrin aqronomları ilə təssərrüfatakı ehtiyaclar barədə sorğular keçirmiş, layihənin məqsədi, görülən işlər barədə məlumat vermiş, dronların onların təsərrüfat, aqrotexniki sahədə nə kimi faydalı ola biləcəyi haqqında yerli ehtiyacları müəyyənləşdirməyə çalışmışlar. Eləcə də düşərgə iştirakçıları dizayn etdikləri aqronom dronlarını fermerlərə nümayiş etdirmişlər.