
Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Biliyini paylaş" layihəsinin mentoru 20 nömrəli məktəb liseyin ibtidai sinif müəllimi Şəms Səruhanova layihə ilə bağlı fəaliyyətinə öz komanda üzvləri ilə birlikdə davam edir. Sözügedən müəllim seminar mövzusu olan "Oyun əsaslı öyrənmə və təlimə yaradıcı yanaşma" haqqında maarifləndirici fikirlərini bizimlə bölüşüb.
Oyunlar uşaqların həyatı dərk etməsi üçün yoldur. Oyun uşaqlarda dərketmə, qavrama, yadda saxlama,nəticə çıxarma, qərar qəbuletmə, təhlil etmə kimi mühüm keyfiyyətlər tərbiyə edir.
Məlumdur ki, təlim uşaqlardan gərgin zehni fəaliyyət tələb edir. Müəyyən təlim saatlarından sonra uşaqlarda zehni yorğunluq baş verir. Həmin yorğunluğu aradan qaldırmaq üçün beyinə fəal istirahət vermə lazımdır. Öyrədici oyunlar zamanı uşaqlar müstəqil hərəkətlər icra edir və əylənərək öyrənirlər. Yorulmadan, əyləncəli şəkildə öyrəndikləri hər hansı mövzu onlar tərəfindən daha tez və daha asan şəkildə qavranılır. Uşaq üçün həqiqi həyat çox mürəkkəbdir.
O , burada heç bir müstəqilliyə malik deyildir. Oyunda isə o öz qüvvəsini tətbiq edir, yoxlayır. Beləliklə öz yaratdığı üzərində müstəqil olaraq hakimlik edir. Oyun uşaqlara həm də iradəlilik, vətənpərvərlik, kollektivçilik kimi keyfiyyətlər aşılayır.