
‘’Zəkanın əsas əlaməti bilik deyil,təxəyyüldür’’- Albert Enşteyn
İnsan zəkası araşdırması və anlaşılması çətin olan məfhumdur. Əsrlər boyu tədqiqatçılar və filosoflar onun sirlərini müəyyənləşdirməyə çalışıblar. Araşdırmalar nəticəsində İntelekt əmsalı (Intelligence quotient) (İQ) adlanan fərdin zehni qabiliyyətini uyğun kriteriya və xüsusi testlər əsasında müəyyənləşdirən test növü hazırlanıb.
Müasir dövrdə İQ testdən fərdin problemləri həlletmə bacarığı, analitik təfəkkürü, ümumilikdə zəkasının ölçülməsi üçün ali təhsil müəssisələri və digər təşkilatlarda işəgötürənlər tərəfindən istifadə olunur.
Bəs, İQ test zəkanın qiymətləndirməsində kifayət qədər yetərlidirmi?
AzEdu.az onlar arasındakı fərqləri təqdim edir:
IQ testi tək başına zəka və düşünmə qabiliyyətini tamamilə qiymətləndirmə iqtidarında deyil.
Yəni, bu testlər şəxslərin iş, təhsil, eləcə də sosial həyatda uğurlu olacağını öncədən proqnazlaşdırmağa kifayət etmir. Bu çatışmazlığı nəzərə alan tədqiqatçılar insan zəkasını və bacarıqlarını daha geniş tədqiq etmək üçün onun təsvir və qiymətləndirməsinin başqa üsullarını araşdırdılar.
Emosional zəka (Emotional intelligence ) son 20 ildə istifadə edilən belə üsullardan biridir. Emosional zəka fərdin emosiyalarını tanımaq, tənzimləmək və problemin həllində sosial şüurdan istifadə etmək bacarığıdır.
Artıq IQ və EQ testlərindən birlikdə istifadə etməklə tədqiqatçılar insan zəkasının daha dolğun mənzərəsini verə bilirlər.
Bəs, bu zəka növlərinin xüsusiyyətləri nələrdir?
IQ adətən fərdin intellektual qabiliyyətinə aiddir. Ən çox yayılmış elementlərindən bəziləri aşağıdakılardır :
-Problemləri həll etmək üçün analitik məntiqdən istifadə etmək;
-Planlaşdırmaq və strategiya tərtib etmək;
-Mücərrəd fikirləri analiz etmək;
-Öyrənmək və dəyişik mühitlərə uyğunlaşmaq;
-Müxtəlif dilləri qavramaq və istifadə etmək.
Emosional zəka fərdin özündə və başqalarında emosiyaları analiz etmə bacarığıdır. Həmçinin, davranışları istiqamətləndirmək də bu zəka növünə aid keyfiyyətlərdəndir. Ümumiyyətlə, fərddə yüksək Eİ varsa, o, aşağdakı prosesləri asanlıqla həll edə bilər:
-Özündə və başqalarında baş verən duyğu dəyişikliyini müəyyənləşdirmək;
-İnsanlarla asanlıqla empatiya qurmaq;
-Hissləri və davranışları müxtəlif vəziyyətlərə görə uyğunlaşdırmaq;
-İmpulsları idarə etmək;
-Stresə tab gətirmək;
-Yaşanacaq münaqişələri asanlıqla həll etmək
-Effektiv ünsiyyət qurmaq
Zəkanın hansı forması daha vacibdir? İntellektual (IQ) yoxsa, emosional (EI).
Fərdin IQ göstəriciləri tarixən daha yaxşı akademik inkişaf, daha yüksək maaş və daha yaxşı iş performansı ilə əlaqələndirilirdi. Lakin Eİ haqqında araşdırmalar mənzərəni bir qədər dəyişdi.
Emosional intellekt isə iş uğuru və daha qaneedici münasibətlərlə əlaqələndirilir. Əlavə olaraq, Emosional zəka stresin öhdəsindən gəlməyə kömək edə bilir. 2019-cu ilin araşdırmalarına görə, emosional intellektin kəskin stresi azaltmaqda bilavasitə rol oynayır.
Hər iki zəka növü həyat keyfiyyətinizə və nailiyyətlərinizə kəskin şəkildə təsir edə bilər. Onları inkişaf etdirmək həyatınızın bütün sahələrində uğur şansınızı artırmaq üçün ən yaxşı vasitə ola bilər.
Mətanət Abbas