Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 23:21:00
Alimlər Xəzərin quruduğun müəyyənləşdirdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılovun rəhbərlik etdiyi ekspedisiya qrupu Xəzər sahillərindən Qarabağ düzünədək olan ərazidə çöl tədqiqatları aparıblar. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, ekspedisiya zamanı alimlər Kür dağarası çökəkliyində landşaftların dinamikası və antropogen transformasiyası istiqamətlərini müəyyənləşdirmək məqsədilə ərazinin yarımsəhra, quru-çöl və meşə-çöl landşaftlarının müxtəlif səviyyələrdə differensiyasını tədqiq ediblər. Məqsəd qlobal iqlim dəyişmələri şəraitində Kür dağarası çökəkliyinin əsasən məskunlaşmış ərazilərində təbii-antropogen landşaftların inkişaf dinamikasını, antropogen transformasiyasının əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, təbii landşaftlarda baş verə biləcək müxtəlif ssenarili dəyişmələrə antropogen fəaliyyətin adaptasiyası tədbirlərinin hazırlanması olub. Belə ki, müxtəlif landşaft növlərində 40-dək nümunə meydançası ayrılıb, onlarda kompleks müşahidələr aparılıb, kimyəvi analiz məqsədilə torpaq-bitki və süxur nümunələri götürülüb, antropogen transformasiyalar qeydə alınıb və iri miqyaslı xəritələşmə aparılıb.

 

Həmçinin, Salyan düzündə Xəzər sahili ərazilərin landşaftlarının dinamikası tədqiq edilib. İlkin olaraq müəyyənləşdirilib ki, son 3-4 ildə Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Həmin müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 metrədək geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilib və 1:25000 miqyaslı xəritə tərtib edilib. Tədqiqat nəticəsində məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək.

 

Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib.

 

Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə səhralaşmış yararsız torpaqların genişlənməsinə gətirib çıxaracaq.

 

Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişaf etməsi kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.

 

Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb. Meşədə aparılan tədqiqat zamanı ağacların kütləvi qırılması, kənd təsərrüfatından istifadə sahələri və meşə bərpa xüsusiyyətləri öyrənilib.