
Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə iddialarını ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev oradan buraxılıb.
AzEdu.az xəbər verir ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev oradan çıxarıb.
Bu barədə "Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
O, Əlinin qardaşına sahib çıxdığını deyib.
Məhəmməd bütün izləyicilərə üzünü tutaraq deyib:
"Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaqlar evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.
Xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə açıqlamasında yeniyetmənin ruhi xəstə olmadığını qeyd edib. Baş həkim deyib ki, yeniyetməni uşaq evinə qaytarmaq istəsələr də, müdiriyyət onu qəbul etmir.
Ağahəsən Rəsulov bu gün tutduğu vəzifədən azad edilib.