
AzEdu.az təhsil portalı bugündən etibarən tanınmışların oxuduqları kitablar, onların təhsil uğurları, təhsillə bağlı fikirlərinə də yer ayıracaq. Bu yolla məşhurların dilindən ən sevdiyi romanların, bədii əsərlərin təhlili, onların məktəblə bağlı əhvalatları ilə tanış olacaqsınız.
Elza Seyidcahan və “Səfillər” romanı
“Oxuduqlarım arasında ən çox diqqətimi çəkən Viktor Hüqonun “Səfillər” romanıdır”
“Məşhurla oxu” rubrikasının ilk qonağı Əməkdar artist, qeyri-adi ifa tərzi ilə seçilən müğənni Elza Seyidcahandır. Xeyli sayda bədii əsər oxuduğunu deyən Elza xanım onların arasında özünə ən çox təsir edən romanın – Viktor Hüqonun “Səfillər”inin adını çəkib. Müğənni azacıq da olsa, ona ən çox təsir edən bu roman haqqında danışıb. Elza Seyidcahan ümumiyyətlə, kitab oxumağı çox sevdiyini, müxtəlif janrda əsərlər oxuduğunu bildirsə də, “Səfillər”i xüsusilə fərqləndirib:
“Mütaliə etməyi çox sevirəm. Amma çox vaxt buna ayıracaq zamanım olmur. Vaxt məhdudiyyətinə baxmayaraq, bu gün də mütaliə etməyə çalışıram. Ümumiyyətlə deyim ki, oxuduqlarım arasında ən çox diqqətimi çəkən Viktor Hüqonun “Səfillər” romanı olub.
Romanın əsas obrazı Jan Valjandır. O, bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir.
Əsərdəki Kozetta obrazı diqqətimi daha çox çəkib. Kozettanın acı həyatı oxucuya özgə taleyinə yanmaq, başqalarının dərdini özününküləşdirmək kimi insani insani keyfiyyətlə aşılayır”.
“Səfillər”də oxucunun laqeyd qala bilmədiyi xeyli obraz olsa da, məncə, onların arasında ən acı tale Kozettanındır. Onun kiçik yaşlarında nələr çəkdiyini xatırlayın... Viktor Hüqo öz dövrünün cəmiyyətini, orada azyaşlı qızların, ailə, valideyn sevgisindən məhrum olanların min bir əziyyətini ustalıqla qələmə alır. Amma bir şeyə də fikir verək: hər bir acı talenin sonunda yazıçı mütləq bir işıq, nir işartı da verir. Məsələn, elə dediyim Kozettanın bəxti uzun əziyyətlərdən sonra gətirir, onun əziyyətlərinə son qoyulur.
Qavroş isə bədəncə kiçikliyi, ürəkcə isə böyüklüyünü əks etdirir. Qavroş fərqli bir dünyaya məxsusdur. Acı reallıqların gerçək qəhrəmanıdır o. Buna baxmayaraq, yenə də kimlərəsə kömək edir. Qavroş əsas obrazlardandır. Qavroşun ətrafındakı epizodik obrazların da ağrıları çox böyükdür.
Jan Valjandan isə çox danışmaq olar. O, dünya ədəbiyyatının ən böyük obrazlarından biridir. Van Valjan necə dəyişir, onu həyata kimlər təmizləyir, bütün bunlar necə baş verir? – Bu suallara cavab tapmaq üçün romandakı hadisələr burulğanına düşmək lazım”.
Elza Seyidcahan orta məktəb illərinin keçdiyi təhsil müəssisəsi barədə də məlumat verib. Bəstəkar-müğənni 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olub. Təhsilini 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə davam etdirib. O, 1994-2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb.
Qeyd edək ki, “Səfillər” Viktor Hüqonun 1862-ci ildə nəşr olunan və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanıdır. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir.
Roman əski dustaq Jan Valjanın çarpışmaları və xilasolma sərgüzəştləri üzərində qurulub. Katorqadan azadlığa çıxmış həmin o müdhiş sarı rəngli pasportun sahibi Jan Valjan gecələmək üçün döydüyü bütün qapılardan qovulan, rədd edilən bir səfildir. Ona öz mərhəmət qucağını açmış, qarnını doyuzdurub, gecələməyə yer vermiş olan yeganə adam yepiskop Miriel Benvenü olub. Əvəzində isə ona pənah gətirən səfil tərəfindən qarət olunmuş yepiskop oğurlanmış gümüş əşyaların ona bağışladığını söyləyərək, onu tutub gətirən polisdən azad buraxılmasını tələb edir.
Günel YAŞARQIZI