Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 13:54:34
Mərkəz rəhbəri qızların erkən ərə verilməsinə görə valideynləri günahlandırıb

"Yoxsulluqdan çıxış yolu erkən nikah yox, təhsildir".

 

AzEdu.az "Report"a istinadən xəbər verir ki, bunu Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

 

O bildirib ki, son vaxtlar Azərbaycanda erkən nikahlara daha tez-tez rast gəlinir: "Çox təəssüf ki, qızların 14-15 yaşdan ərə verilməsi faktları var. Baxmayaraq ki, qanunvericilik bu halları qətiyyətlə rədd edir, cəmiyyət erkən nikah bəlasından hələ xilas ola bilməyib. Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir. Amma reallıq budur ki, qanunvericliyin tələbi tez-tez pozulur. Hər il neçə-neçə yeniyetmə qızlarımız erkən nikah kabusunun qurbanı olur, uşaq yaşında ərə getməyə məcbur edilir, arzuları yarımçıq qalır. Bununla da uşaq hüquqları kobud şəkildə pozulur. Araşdırmalar göstərir ki, bu, təkcə mental stereotiplərdən yox, ailələrin aşağı sosial durumundan, "qız yükü"ndən daha tez xilas olmaq niyyətindən və valideyn məsuliyyətsizliyindən qaynaqlanır".

 

A.Musayevanın sözlərinə görə, bəzi ailələr yanlış qərar verərək, yoxsulluqdan çıxış yolunu qızlarını erkən yaşda ərə verməkdə görür: "Lakin bu gün ağır sosial durumdan azad olmağın ən yaxşı yolu övladının təhsil almasına, yeni bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. Bu baxımdan erkən nikahların ən ağır nəticələrindən biri məhz onun təhsilə mənfi təsiridir. Qızlar erkən yaşda ərə getməyə məcbur edildikdə, onların təhsil almaq imkanları ciddi şəkildə məhdudlaşdırılır və ya tamamilə dayandırılır. Bu isə onların gələcək karyerasını, iqtisadi müstəqilliyini ciddi sual altına alır".

 

Mərkəz rəhbəri vurğulayıb ki, erkən nikah yeniyetmələri çoxsaylı sağlamlıq risklərinə məruz qoyur: "Onların bədənləri tam inkişaf etmədiyindən, hamiləlik və doğuş zamanı səhhətlərində problemlər yaranır. BMT-nin Uşaq Fondunun araşdırmalarına görə, inkişaf etməkdə olan ölkələrdə 15-19 yaşlı qızlar arasında ölüm hallarının əsas səbəblərindən biri hamiləlik və doğuşun ağırlaşması hallarıdır. 20 yaşadək qadınlar arasında ölü doğulmuş və doğuşdan sonra ölmüş uşaqların sayı 20-29 yaş arasında hamiləliyin baş verdiyi qadınlardan 50% çoxdur. Bundan əlavə, bu qızlar çox vaxt reproduktiv sağlamlıq haqqında məlumatsız olduğundan, asanlıqla cinsi yolla ötürülən infeksiyalara yoluxurlar. Erkən nikahın sosial və psixoloji təsirləri də çox dərindir. Bu uşaqlar vaxtından əvvəl yetkin rollara sövq edilir, yaşlarından böyük öhdəliklər götürməli olurlar. Onlar tez-tez məişət zorakılığına, istismara məruz qalırlar".

 

O, Azərbaycanda müvafiq qurumların erkən nikahlara qarşı mübarizə apardığını qeyd edib: "Amma təcrübə göstərir ki, bu mübarizə tədbirləri və paralel olaraq icmalarla, ailələrlə maarifləndirmə işləri daha da gücləndirilməlidir. Erkən nikahla mübarizə səyləri hökuməti, vətəndaş cəmiyyəti təşkilatlarını, icmaları və fərdləri əhatə edən kompleks yanaşma tələb edir. Qanunvericilikdə tələblər daha da sərtləşdirilərək, uşaqların hüquqlarının müdafiəsinə nəzarət artırılmalıdır. Qızları iqtisadi müstəqillik üçün lazım olan alətlərlə təchiz etmək, təhsil və bacarıqların inkişafı imkanlarını genişləndirmək onların erkən nikahlara qarşı gücünü artırar. Daha bir dəstək tədbiri erkən nikah riski altında olan və ya ondan təsirlənənlər üçün təhlükəsiz yerlərin, yardım xətlərinin, resurs mərkəzlərinin yaradılmasıdır. Bir sözlə, yeniyetmə qızların təhsilinə sərmayə qoymaq, mental stereotiplərə qarşı çıxmaları üçün onları gücləndirmək lazımdır".