
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) "Dayǝ" ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradıb. Belə ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
TKTA-nın İnformasiya şöbəsinin müdiri Aytən Abdullayeva sözügedən mövzu ilə bağlı ictimaiyyəti maraqlandıran sualları AzEdu-ya müsahibəsində cavablandırıb.
- Dayə peşəsinə dair keyfiyyətin yoxlanılması məcburidir?
- Bəli, ərizəçilər ilkin olaraq biliklərinin qiymətləndirilməsi üçün nəzəri imtahanda iştirak edirlər. Nəzəri imtahanı uğurla keçən ərizəçilər öz bacarıq və səriştələrinin qiymətləndirilməsi üçün praktiki imtahanda iştirak edirlər. Yalnız hər iki imtahanı uğurla keçənlər müvafiq ixtisasdan asılı olaraq sertifikat və ya diplomla təltif olunurlar.
- Bunun üçün necə müraciət edirlər?
- Müraciət elektron formada həyata keçirilir. Ərizəçilər müvafiq peşə üzrə bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi üçün https://tkta.edu.az/p/informal-education#application-guidelines-informaleducation saytından qeydiyyatdan keçməlidirlər.
- Suallar, əsasən, hansı mövzuları əhatə edir?
- Suallar ixtisas üzrə baza modullarını əhatə edir. Modullarla ərizəçilər qeydiyyat bölməsində hər ixtisas üzrə tərtib edilmiş metodik vəsait hissəsindən tanış ola bilərlər.
- İmtahanı kimlər qiymətləndirir?
- İmtahanlar ixtisas üzrə təyin edilmiş ekspertlər tərəfindən qiymətləndirilir.
Birinci, yəni nəzəri imtahanın suallarının 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi ikinci imtahana, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır.
Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” alır.
- Təhsil bitdikdən sonra birbaşa iş keyfiyyətinin yoxlanması prosesi olur?
-Biz təhsil vermirik. Qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçiririk.
Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.