
Müəllimlərin bu gün keçirlən sertifikasiya imtahanlarının test mərhələsində də yüksək nəticələrə imza atan təhsilverənlər var.
AzEdu.az saytı xəbər verir ki, belə müəllimlərdən biri də 44 günlük Vətən müharibəsinin iştikarçısıdır.
Belə ki, Cəlilabad rayonu Sabirabad kənd N.Məmmədov adına 1 saylı tam orta məktəbinin müəllimi Cəlil Mirzağa oğlu Rzayev imtahanda 57 bal toplayıb.
Qazi müəllim orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı tədris edir.
Cəlil Mirzağa oğlu Rzayev 27 dekabr 1979-cu ildə Cəlilabad rayonu Sabirabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra BDU-nun Filologiya fakültəsində ali təhsil alıb.
C.Rzayev 2001-ci ildən N.Məmmədov adına Sabirabad kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. 2002-ci ildə leytenant rütbəsilə Naxçıvanda hərbi xidmət yolu keçən C. Rzayev 2003-cü ildə ordudan tərxis olunub.
Vətən müharibəsi başlayanda ordu sıralarına çağırılan leytenant C.Rzayev komandir kimi döyüşlərə atılıb. Füzuli, Xocavənd, Şuşa və Laçın dağları ətrafında gedən döyüşlərdə iştirak edib.
Müəllim-komandir Cəlil Rzayev Ali Baş Komandanın əmri ilə “Füzuli rayonunun azad olunmasına görə” medalı ilə təltif olunub. 2020-ci ilin dekabr ayının 31-də ordudan tərxis olunan müəllim hazırda pedaqoji fəaliyyətini doğulduğu kənddə davam etdirir.
Ailəlidir, iki övladı var.
A.Qorxmaz