Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 15:23:45
Deputatdan 59-60 bal yığan müəllimlərlə bağlı maraqlı TƏKLİF

“Sertifikatlaşdırma prosesinin daha da təkmilləşdirilməsi vacibdir. Milli Məclisdə müzakirələr zamanı çıxışımda da bu istiqamətdə bir sıra təkliflərimi təqdim etmişəm”.


AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov müəllimlərin sertifikatlaşdırma imtahanları ilə bağlı danışarkən deyib.


“Müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır”.


Deputat bildirib ki, sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olar.


“Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 90 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 90 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər”.


V.Bayramov sertifikatlaşdırmanın test imtahanı mərhələsində 59-60 bal toplayan müəllimlərin fərqləndirilməsinin də vacibliyini vurğulayıb:


“Qiymətləndirmə də differensial meyarlara əsaslanmalıdır. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Ancaq 59 və ya 60 bal toplamış təhsil işçisinin əməyi nisbətən az bal yığmış müəllim ilə müqayisədə daha yüksək qiymətləndirilməlidir.

Bütövlükdə, təhsildə əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir. Bu pozitiv yanaşmadır. Bununla yanaşı, qiymətləndirmə meyarlarının artırılması və differensial yanaşmanın tətbiq edilməsi vacibdir”.

 
A.Qorxmaz