Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 13:28:23
"Xaricdə təhsil alanlar yüksək vəzifələrə təyin olunur" - Tədris formatı yenilənsin !

Əvvəlki illərlə müqayisədə bakalavr,  magistratura, rezidentura və dokturantura kimi ali təhsil pillələri üzrə xaricdə oxumağa yönələn gənclərin sayında ciddi artım olduğunu görürük.

 

Təhsillərini xaricdə davam etdirmək istəyən namizədlərin artması cəmiyyətdə ciddi rezonans doğurur. Bəziləri düşünür ki, bir müddətdən sonra gənclərimizin heç biri Azərbaycanda təhsil almaq istəməyəcək.

 

Bəs gənclərin təhsil üçün xarici ölkələrə üz tutmasının əsas səbəbləri nələrdir? Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün qabaqcıl ölkələrin hansı təcrübələri tətbiq olunmalıdır?

 

Bu barədə sabiq deputat, təhsil eksperti Sona Əliyeva AzEdu.az-a açıqlama verib.

 

Açıklama yok.

 

Ekspert bildirib ki, hazırda xaricdə təhsilə yönələnlərin artmasının səbəblərindən biri ölkəmizdəki ali təhsil müəssisələrində təhsil haqlarının kifayət qədər yüksək olmasıdır:

 

 “Hətta maddi səbəblər üzündən 600-dən çox bal toplayan bir çox tələbələr oxumaq üçün regionlara üz tuturlar. Bundan əlavə , Bakı şəhərində yaşayan tələbələr üçün kirayə, kommunal və digər gündəlik xərclərin miqdarı bir çox xarici ölkələrdəki ilə eyni səviyyədədir. Türkiyədə bir neçə ixtisas - o cümlədən tibb, hüquq, kompüter mühəndisliyi və.s istisna olmaqla digər ixtisaslar üzrə illik təhsil haqqı 600-1500 manat civarındadır. Azərbaycan Tibb Universitetinin illik təhsil haqqı ilə tanış olsaq görərik ki, məbləğ 4500-5000 manat aralığında dəyişir. Nəzərə alsaq ki, xaricdə də tibb təhsilinin məbləği aşağı deyil, lakin bizdən fərqli olaraq orada tədris nəzəriyyədən çox təcrübəyə əsaslanır. Xərclərin eyni olmasını, həmçinin iş imkanlarının  daha çox olması tələbələri xaricə yönəldən başlıca səbələrdən biridir”.

 

Sabiq deputatın sözlərinə görə tələbələri ölkəmizə yönəltmək üçün təcrübə və təcrübəyə əsaslanan təhsil imkanları yaradılmalıdır:

 

“Universitetlər tələbələrdə inkişafa nail olmaq üçün iş təkliflərinin artırılmasına, xarici dil məsələlərinə, maddi-texniki bazanın güclənməsinə, sosial tədbirlərin keçirilməsinə  xüsusi önəm verməlidir. Düşünürəm ki, Azərbaycan universitetləri “Xaricdə təhsil almağın maneələri və yerli təhsilin üstünlükləri” ilə bağlı tanıtım etsələr, bu tələbələrin seçimlərinə təsir edəcək. Həmçinin, gənclər üçün öz ixtisas istiqamətlərini aydınlaşdırmağa köməklik edən konsultasiya mərkəzləri fəaliyyət göstərməlidir.  Bununla yanaşı , “Dəstək və Mentorluq” proqramları təşkil olunarsa, tələbələrin öz bacarıqlarını seçmək, istdədikləri ixtisası kəşf etmək imkanları artar. Həmin ixtisaslar üzrə təhsil verən universitetlər ixtisasın əmək bazarında rolu, təlabatı və.s barədə dolğun məlumat verməlidirlər.

 

Həmsöhbətimiz ali təhsil ocaqlarında tətbiq edilməsi üçün müasir standartlara cavab verən metodlar təklif edib :

 

“Tələbələrə dərslərin təşkili proqramı barədə sərbəstlik verilməlidir. Bizdən fərqli olaraq qabaqcıl xarici ölkələrin tədris prossesində tələbələr sərbəst şəkildə qeyri-ixtisas fənlərini seçmək hüququna sahibdir.

 

Seminar, kollekvium, mühazirə sistemindən çıxıb, qrup müzakirələrinə, praktiki təlimlərə, tədqiqat üsullarına yer verməlidir. Onların marağını cəlb etmək üçün onlayn platformalar qurmaq vacibdir. Universitetlərdə dərslər tapşırıqları oxuyub əzbərləmə üsulu ilə deyil, daha çox araşdırmaya yönəlməlidir”.

 

Bakalavr təhsili ilə müqayisədə magistratura pilləsinə qəbul olan tələbələrin xaricə üz tutma səbəblərinə aydınlıq gətirən ekspert bildirib ki, xaricdə təhsil almaq tələbələrin beynəlxalq təcrübə qazanmalarına imkan yaradır:

 

“Bundan əlavə Azərbaycanda magistratura pilləsinə hazırlaşan tələbələrin 2-3 ixtisasdan birini seçmək şansı olduğu  halda xaricdə bu seçim daha genişdir və rəngarəngdir. Digər səbəb isə son illər xaricdə magistratura oxuyan tələbələrin Azərbaycanda yüksək vəzifələrə təyin olunması nüansıdır. Həmçinin xaricə yönələn tələbələrin bir qisimi məhz Dövlət Proqramı ilə təqaüd qazanan tələbələrdir ki, onlar üçün də bu yeni imkanlar deməkdir”.

 

Sifayə Abbas