
AzEdu.az təhsil portalı tanınmışların oxuduqları kitablar, onların təhsil uğurları ilə bağlı silsilə yazılarını davam etdirir.
“Əgər Azərbaycanda da Artur kimi insanlar olsaydı bəlkə də dəyərlərimiz bu qədər ayaqlar altına düşməzdi.”
“Məşhurla oxu” rubrikasının növbəti qonağı siyasətçi Sərdar Cəlaloğludur.
Xeyli sayda kitab mütaliə etdiyini deyən siyasətçi daha çox elmi kitablar oxumağa üstünlük verdiyini bildirib.
“Mən mütaliə etməyi çox sevirəm, siyasətçi olduğum üçün daha çox elmi kitabları oxumağa üstünlük verirəm. Hal-hazırda “Qurani Kərim”lə bağlı kitab yazıram. Sonuncu dəfə Mahatma Qandi haqqında yazılan “Liderlik dərsləri” kitabını oxumuşam. O bir az bədii və siyasi kitabdır.
Orta məktəb illərində oxuyarkən bədii ədəbiyyatla bağlı olan romantik, elmi kütləvi əsərlərin demək olar ki, əksəriyyətini oxumuşam.
Nobel mükafatı almış yazıçıların əksəriyyətinin kitablarını oxumuşam. Avropa ədəbiyyatının görkəmli nümayəndələri olan Onere de Balzak, Uilyam Şekspir, Viktor Hüqo, eləcə də digər dünya ölkələrin nümayəndələrin kitabını oxumuşam.
Yalnız bədii ədəbiyyatları yox, eyni zamanda, ədəbi tənqidi əsərləri də oxumağı çox sevirəm. Bəzən qarşımdakı bədii əsər nümunəsini də ədəbi tənqidçi gözüylə oxumuşam. Bu üsul əsəri daha yaxşı mənimsəməyə çox köməyi olur.
M.S. Ordubadinin “Qılınc və Qələm “, Mixail Şoloxovun “Sakit Don”, Viktor Hüqonun “Səfillər”, Etel Lilian Voyniçin “Ovod” əsərini dəfələrlə gözdən keçirmişəm.
Siyasətçi kimi daha çox “Ovod”u nümunə götürə bilərəm. Əsər Artur adlı oğlanın taleyi haqqında yazılan romandır. Əsərdə əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir.
Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar başına gələn faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. O kübar ailədə doğulmasına baxmayaraq, sonradan inqilabçı kimi yetişir. İnqilabçı olmağının səbəbi də özünün müdafiə etdiyi dəyərlərin arxasında yalanın gizlənməsi ilə bağlı olur.
Öz ideyası uğrunda cəmiyyətə qarşı üsyanı ilə bağlı verdiyi itkilər dözümlülüyü, necə sirkdə təlxək rolunda oynaması, təhqirlərə dözməsi əsərdə əks olunub. Artur usanmadan, yorulmadan, düşmənlə mübarizə aparır, hətta haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. O, sevdiyi insanlardan sevdiyi qadından, atasından imtina edir. Bir insanın ideyaya, dəyərə necə bağlı olduğunu həmin əsərdə açıq şəkildə göstərilir. Əgər Azərbaycanda da Artur kimi insanlar olsaydı bəlkə də dəyərlərimiz bu qədər ayaqlar altına düşməzdi.
O əsər göstərir ki, insan gərək öz dəyərlərinə çox bağlı olsun. Bu baxımdan, Cek Londonun “Həyat eşqi” hekayəsi də mənim çox sevdiyim əsərlərdən biridir. Orada dostluğun nə qədər yüksək olmasını təbliğ edən əsərdir. Əsərdə iki dost səfərə çıxırlar. Dostlardan biri o birisinin dumanda itdiyini zənn edir. Ancaq əslində o heç də itməmişdi, öz yoldaşını atıb getmişdi. Təkbaşına qalan yoldaşı isə xeyli yol qət etməli olur. O nə yolla olur, olsun, sağ qalmağa çalışır, sözün əsl mənasında həyatla savaşa çıxır. Yolda onun qarşısına insan sümükləri də çıxır, bu onu atıb gedən yoldaşının sümükləri idi, canavarlar onu parça-parça etmişdilər. Və yoldaşının qızıl torbası da orada idi. Hekayədə kifayət qədər təsirli səhnələr var”.
Sərdar Cəlaloğlu Azərbaycan ədəbiyyatından da sevdiyi əsəri bizim üçün təhlil edib:
“Azərbaycan ədəbiyyatından İsmayıl Şıxlının “Dəli kür” əsəri də sevdiyim əsərlər sırasındadır. Əsərdəki Cahandar ağa obrazı Azərbaycan xalqının bütün milli əlamətlərini özündə ifadə edən Rusiyanın işğalına qarşı kiçik bir qüvvə ilə dayana bilən, öz milli mədəniyyətini, milli əxlaqını qoruyan şəxsiyyətdir. Mənim fikrimcə, Cahandar ağa obrazı Cavad xanın ruhudur.
“Dəli kür” əsərini Mixail Şoloxovun “Sakit Don” əsəri ilə müqayisə etmək olar. “Sakit don” əsəri Nobel mükafatına layiq görüldü, amma “Dəli kür” əsərini “Sakit don”la müqayisə etsək, deyərəm ki, o, daha üstündür. Çox təəssüf ki, kiçik xalq olduğumuza görə belə böyük mükafatlara bizim nümayəndələrimiz təqdim edilmir.
Mən “Dəli kür” əsərini hər bir Azərbaycanlıya oxumağı məsləhət görərdim. Əsərdəki Şamxal obrazı Azərbaycan cəmiyyətinin feodal münasibətlərdən kapitalist münasibətlərinə keçidinin ümumiləşmiş obrazıdır. Yeniləşən, müasirləşən Azərbaycanın bir təmsilçisidir. Şamxal müstəqil Azərbaycan xalqına mənsubluqdan rus xalqının əsarəti altında olan bir xalqın nümayəndəsinə çevrilməni özündə ifadə obrazdır”.
Günel Yaşarqızı