
İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən paytaxtdakı təhsil müəssisələrinə psixoloji xidmətin təşkili və inkişafı istiqamətində dəstək göstərilib.
Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, qeyd edilən istiqamət çərçivəsində 10 məktəbdə 242 dərs müşahidəsi aparılıb, 2 758 şagird arasında sorğu, 2 806 şagird arasında test həyata keçirilib, həmçinin 1 437 valideyn üçün maarifləndirici seminar təşkil olunub, 6 284 valideyn arasında “Google form” platforması üzərindən anonim sorğu aparılıb.
Eyni zamanda, 643 müəllimlə şagirdlərin yaş xüsusiyyətləri, müəllim-şagird münasibətlərinin düzgün qurulması mövzusunda maarifləndirici seminarlar təşkil olunub, 27 məktəbdə psixoloqların fəaliyyətinin monitorinqi həyata keçirilib və 31 məktəbdə xüsusi hallarla bağlı iş aparılıb.