
2019-cu ildən etibarən ali təhsil müəssisələrinə qəbul kurikulum qaydaları əsasında aparılır. Əvvəlki illərin məzunlarının bir çoxu düşünür ki, kurikulum qaydasıyla qəbul olmaq daha asandır, nəinki əvvəllər. Abituriyentlər isə kurikulumda toplanılan 200 balla, əvvəlki qəbullardakı 300-400 balın eyni səviyyədə olduğu qənaətindədirlər.
Bəs, görəsən abituriyentlərin topladığı ballar hansı qəbul formasında daha yüksək olub?
Təhsil eksperti Qoşqar Məhərrəmov AzEdu.az-a mövzu ilə bağlı danışıb.
Ekspert bildirib ki, Azərbaycanda qəbul sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçir: “Yaddaş məktəbində daha çox əzbərçi suallar soruşulurdu. Təfəkkür məktəbində isə daha analitik suallar soruşulur. Kurikuluma qədərki dövrdə qəbul imtahanlarına salınan suallar, ancaq qapalı tipli test sualları idi. Abituriyentlər açıq tipli suallara bələd olmadığı üçün onların nəticələri aşağı düşdü. Bu səbəbdən də keçid balları enməyə başladı. Hazırda bu səbəbdən aşağı balla univeristetə qəbul olmaq mümkündür. Ancaq bu o demək deyil ki, indi ali təhsil müəssisəsinə qəbul asandır, nəinki əvvəl. Xeyr, əvvəllər də abituriyentlər 350-370 balla qəbul ola bilirdilər, hətta 1990-2000-ci illərin əvvəllərinə də nəzər salsaq görərik ki, ali təhsil almaq elə də çətin olmayıb.
“Heç bir generasiya özündən sonrakı generasiyanı bəyənmir”- deyə Q.Məhərrəmov vurğulayıb: “Hələ Aristotelin, Platonun və b. dövründən bəri hər bir nəsil özündən sonrakı nəsli qınayır, tənqid edir. Halbuki bu əbəs bir tənqiddir. Düşünürəm ki, yeni generasiyanın özünə görə müsbət cəhətləri, bacarıqları və səciyyələri olduğu kimi əvvəlki illərdə də bu belə idi. Hazırda abituriyentlər məlumatlara əlçatanlıq, eləcə də informasiya kommunikasiya texnologiyalardan istifadə baxımından daha çox üstünlüyə malikdir. Köhnə dövrdə insanlar daha çox məlumat oxuyub, əzbərləmək məcburiyyətində idi. Çətinlik səviyyəsinin çox dəyişdiyini demək olmaz, ancaq Dövlət İmtahan Mərkəzi müəyyən qədər açıq tipli sualları imtahanda tətbiq etməyə çalışdıqca müqavimətlə qarşılaşır. Cəmiyyətdə açıq suallara qarşı narazılıqlar, tənqidlər, həmçinin, şikayətlər meydana gəlir. Bu müqavimətə görə də təfəkkür məktəbinə tam keçid edə bilmirik. Dünyada SAT, Kembric sisteminin imtahanlarına baxdığımız zaman görürük ki, sualların 50%-i açıq tiplidir. Buraya nöqtələrin yerinə uyğun cavabı yazmaq, cümlələr qurmaq, sərbəst yazılar və izahatlar daxildir. Ümumiyyətlə bu imtahanlarda idrakın müxtəlif səviyyələrini ölçən suallar var”.
Təhsil eksperti qeyd edib ki, dünyada son 10-15 ildə psixoloji gərginlik 2 dəfədən çox artıb: “ABŞ-də aparılmış tədqiqatlara əsasən deyə bilərik ki, psixoloji situasiyaların sayı artıb. Bunun səbəbi təkcə imtahan deyil. Ümumiyyətlə yeni nəsil stressə qarşı dözümsüzdür.
Psixologiya elmi haqqında Azərbaycan xalqının maarif səviyyəsi artıqca onlar panik atakın, depressiyanın nə olduğunu bilir və öz hislərinə tərif verirlər. Köhnə dövrdə isə bu haqda məlumatlılığın azlığı səbəbindən insanlar hislərə əhəmiyyət vermirdi, beləcə də bu kimi problemlər böyümürdü. İndi bir qədər valideynlərin təzyiqi artıb. Onlar övladlarına müəyyən tələblər qoyur, nəzarətdə saxlayır. Bu təzyiqlərin nəticəsində isə gərginlik artıb. İmtahanlar çətinləşməyib, gənclərin dözümlülüyü azalıb”.